Əsabəli Mustafayev: «Aministiya məhdud sayda insanlara şamil edilən, siyasi məhbus probleminə toxunmayan addım olacaq»
Mətbuatda 28 May – Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təqdim olunmuş layihədə amnistiya tətbiq edilməsi nəzərdə tutulan şəxslərin dairəsini məlum edən məqamlar dərc olunub.
Qərar layihəsinə əsasən, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, bu şəxslərdən başqa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər, silah işləri növündə cəza təyin edilmiş şəxslər, ictimai işlər növündə cəza təyin edilmiş şəxslər, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşəcək.
Qərar layihəsinə əsasən, Amnistiya aktı iyunun 15-də qüvvəyə minəcək.
Bu məqamlardan məlum olur ki, növbəti aministiya da siyasi məhbus problemini həll edə bilməyəcək və bu addımı da növbəti dəfə qaçırılmış şans adlandırmaq olar.
Tanınmış vəkil Əsabəli Mustafayev bildirdi ki, əslində mətbuatda yayılan sənəd barədə məlumatı tam adlandırmaq olmaz. Ona görə vəkil növbəti amnistiya barədə şərh verməyin də çətin olduğunu bildirdi. Mətbuatda gedən məlumatda xeyli ziddiyyətin olduğunu deyən Ə.Mustafayev bu üzdən rəsmən sənədin açıqlanmasını gözləməyin tərəfdarıdır: “Ümumi şəkildə onu söyləmək olar ki, bu, qızıl amnistiya deyil. Çünki Azərbaycan hökumətindən məhz bu cür addım istənilirdi. Hesab etmirəm ki, çoxlu sayda insan amnistiyaya düşəcək. Məhbusların sayına görə biz Avropada 10-cu yerdəyik. Azərbaycanda iyirmi dörd min məhbus var. Əvvəlcə bəyan olunmuşdu ki, amnistiya on min nəfərə şamil olunacaq. Amma bizim hesablamamız göstərir ki, budəfəki amnistiya uzağı min beş yüz nəfərə şamil ediləcək. Özü də yüngül cəza almış şəxslərə aid olacaq. Demək olar ki, az ağır cəzaların heç biri bu siyahıya düşməyəcək. Şərti azad olunmuşlara daha çox tətbiq olunacaq. Azadlıqda olan insanlara bunun şamil olunmasına nə ehtiyac var? Cəzadan azad etmək yaxşı haldır. Amma əsasən cəzaçəkmə müəssisələrində saxlanılanları azad etmək lazımdır. Bu zaman büdcəyə də güc az düşər, insanların da hüquqları bərpa olunar. Çünki məhkum olunanlar arasında qərəzli həbs olunmuşlar da var”.
Ə.Mustafayev bildirdi ki, bütün məqamlar nəzərə alınarsa, amnistiya məhdud sayda insanlara şamil edilən, siyasi məhbus probleminə toxunmayan addım olacaq. “Hesab edirəm ki, budəfəki amnistiyada az ağır maddələrin hamısı tətbiq olunmalıydı”, deyə A.Mustafayev vurğuladı.
Xəyal