Türkiyə parlamenti Millət Vəkillərinin (MV) üzərindən toxunulmazlıq hüququnun götürülməsinə dair qalmaqallı qanun layihəsini təsdiqləyib.
Kürdyönlü MV-lərin bildirdiyinə görə, bu addım müxalif deputatların parlamentdən çıxarılması üçün nəzərdə tutulub.
Tədbirlərin Xalqların Demokratik Partiyası (HDP) və əsas müxalifət partiyası olan Respublikaçı Xalq Partiyasını (CHP) hədəf aldığı güman edilir.
Türkiyə, terrorçu qruplaşma kimi tanınan PKK-a qarşı hücum həyata keçirir.
Türkiyə ilə PKK arasında atəşkəs 2015-ci ilin iyun ayında pozulub.
Yenilənmiş münaqişə xüsusilə də Türkiyənin cənub-şərqində hər iki tərəfdən yüzlərlə insanın ölümünə səbəb olub.
Prezident Recep Tayyip Erdoğan kürdpərəst MV-lərin terror ittihamları ilə həbs olunmasına çağırıb və bu səsvermə bunun baş verməsi üçün ilk addım ola bilər.
Qanun layihəsi, 550 nəfərlik parlamentdə 376 deputatın dəstəyini qazanıb və bu da o deməkdir ki, layihə referenduma ehtiyac olmadan qanuna çevriləcək, parlamentin spikeri İsmayıl Kahraman bildirib.
Təhlükəli an: Mark Lowen, BBC News, İstanbul
Kürdpərəst HDP bildirir ki, hökumət onların partiyasını parlamentdən çıxarmaq və prezident Erdoğanın səlahiyyətlərini artırmaqla bağlı referendum keçirməsinə yol açmaq üçün uydurma ittihamlardan istifadə edir.
Hökumət ittihamları rədd edir və bildirir ki, MV-lər qanun qarşısında cavabdeh olmalıdırlar. Demokratik dəyərlərə və məhkəmənin müstəqilliyinə sadiq bir ölkədə bu, qəbulediləndir.
Lakin Türkiyədə bunların hər ikisinə şübhələr var və tənqidçilər cənab Erdoğanın getdikcə daha çox avtoritar olduğunu düşünürlər.
Əgər bir neçə HDP deputatı həbs olunarsa, bunun kürdlərin yaşadığı bölgələrdə zorakılığa səbəb olacağı qorxusu var.
Ona görə də bu, Türkiyə üçün qorxulu bir an və cənab Erdoğanın nə qədər güclənmək istəməsi ilə bağlı bir testdir.
“Tarixi” səsvermə
Bu ay Türkiyə parlamentində zorakı yumruq davası baş verib.
Cümə günü keçirilmiş səsvermə də insidentsiz ötüşməyib, CHP deputatları etiraz olaraq parlamenti tərk ediblər.
Cənab Erdoğan televiziya ilə çıxışı zamanı səsvermənin “tarixi” olduğunu bildirib.
“Mənim xalqım parlamentdə günahkar deputatları görmək istəmir,” o deyib.
Almaniya kansleri Angela Merkelin sözçüsü bildirib ki, o, gələn həftə cənab Erdoğanla görüşü zamanı Türkiyədə demokratiyanın vəziyyətinə dair narahatlığını bildirəcək.