Bayram Məmmədov və Qiyas İbrahimin işi Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.

Bakı Apellyasiya Məhkəməsi fəallar Bayram Məmmədov və Qiyas İbrahim barədə həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Gənclərin vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, gənclər məhkəmədə onlara işgəncə verildiyini bildirib.

“Bayram Məmmədov, hətta hakimlərə sol biləyindəki açıq gözlə görünən irinləmiş yaranı da nümayiş etdirdi,” vəkil deyib.

Məhkəmə qapalı keçirilib, jurnalistlər və fəalların dostları zala buraxılmayıb, BBC Azərbaycancanın müxbiri Günel Səfərova qeyd edib.

Gənclər hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarları yazıldıqdan sonra “yoxa çıxıb”.

Daha sonra, Baş Prokurorluq açıqlayıb ki, onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.

Gənclərin vəkilə verdiyi ifadələrə görə mayın 10-dan başlayaraq polis bölməsində mütəmadi olaraq işgəncə ilə üzləşiblər.

Ombudsman aparatı 19 may açıqlamasında “gənclərin bədənində işgəncə izləri aşkarlamadığını” bildirib.

Məhkəmədə, həmçinin heç bir vəsatət təmin olunmayıb. Vəsatətlər həbs-qətimkan tədbirinin dəyişdirilməsi, gənclərin imtahanlara buraxılması və ya təhsil hüququnun təmin edilməsi və onların döyüldüyü yerlərdə kamera lent yazılarına baxılması barədə olub.

Elçin Sadıqov bildirib ki, bugünki məhkəmədən sonra Bayram Məmmədov və Qiyas İbrahimin işi Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.