Mayın 28-də Amnistiya Aktının qəbul ediləcəyinə dair məlumatlar yayılıb. Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Facebook statusunda bu məsələyə münasibət bildirib:
“Amnistiya aktının reallaşması özü-özlüyündə çox sevindirici bir haldır: Ölkə həbsxanalarında xeyli dərəcədə günahsız yerə cəza çəkən siyasi məhbuslar və sıravi insanlar var. Bizi də maraqlandıran məhz həmin şəxslərin azad olunmasıdır. Eyni zamanda, elə şəxslər də var ki, onların cəzaları etdikləri cinayətlərin xarakterindən qat-qat ağırdır. Bu cür şəxslərin azad edilməsi xoşagələn bir haldır. Amma amnistiyanın siyasi məhbuslara aidiyyatı çox az olacaq. Çünki, hakimiyyətin həmin məhbuslarla bağlı məxsusi siyasəti var. Hətta bəzi məhbuslar haqqında Avropa Məhkəməsinin tapşırıqları, tövsiyələri var ( Əli İnsanov,İlqar Məmmədov). Hakimiyyət bu vaxta qədər o tövsiyələrin heç birinə riayət etməyib. Amnistiya ilə bağlı KİV-lərdə çap edilən materiallarda dəqiq maddələr göstərilməyib. Ola bilsin ki, dəqiq maddələr qeyd edilərkən gözlənilən şəxslərin maddələri ilə bağlı müəyyən məhdudiyyətlər olsun. İndiyə qədər olan amnistiyalarda da siyasi və vicdan məhbusları ilə bağlı müəyyən məhdudedici tədbirlər olub. Düşünürəm ki, bu dəfə də istisna olmayacaq. Hakimiyyət, özünә qatı düşmən bildiyi şəxsləri azad etməyəcək”.