Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan gənclərin polis bölməsində “işgəncəyə məruz qalması” ilə bağlı Qırmızı Xaç Təşkilatına, Ombudsman aparatına və Prokurorluq orqanlarına müraciət olunub, vəkil deyir.
Ötən həftə narkotika ittihamı ilə 4 aylıq həbs edilmiş Bayram Məmmədov və Qiyas İbrahimovun vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, hələ ki, müraciət edilən orqanlardan heç bir cavab ala bilməyib.
Vəkil deyir ki, Ombudsman aparatı gənclərin şikayəti ilə bağlı araşdırmanın nəticələrini çərşənbə günü açıqlamalıdır.
İşgəncə iddiaları ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan reaksiya almaq mümkün olmayıb.
NİDA hərəkatının üzvü Bayram Məmmədov və Qiyas İbrahim adlı gənc mayın 10-u gecə saatlarından “yoxa çıxıblar”.
Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.
Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı bildirilsə də, polis bu iddiaları təkzib və ya təsdiq etməyib.
Sosial şəbəkələrdə yayılan şəkillərə görə, hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündə yerləşən parkdakı Heydər Əliyevin abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.
“İşgəncə izləri”
Cənab Sadıqov axırıncı dəfə gənclərlə bazar ertəsi görüşdüyünü və onların bədənində işgəncə izləri gördüyünü də əlavə edir.
“Hər ikisinin bədənində qançır izləri var. Bayramın bədənində açıq yaralar var. Qiyasın isə ən çox baş nayihəsinə vurublar”, o bildirir.
Bayram Məmmədovun məruz qaldığı işgəncə faktı ilə əlaqədar mayın 16-da vəkilin adına yazdığı izahatda bildirilir ki, polis bölməsində ona qarşı irəli sürülən narkotik ittihamını etiraf etmək üçün şüddətə məruz qalıb. NİDA üzvü təkcə fiziki təzyiqlərə məruz qalmadığını, həm də müxtəlif sözlərlə təhqir və təhdid edildiyini qeyd edir.
“…Sonra məni generalın yanına aparıb “əgər heykəlin qarşısına gül qoyub və AzTV-ə danışsan, heykəldən üzr istəsən, səni buraxacağıq” dedilər. Mən bundan imtina edəndə aparıb yenidən döydülər”, həbsdə olan fəal yazır.
Bayram izahatda mayın 11-dən döyülmə hallarının mütəmadi xarakter aldığını da əlavə edir.
“…Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladılar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı skoçla bağladılar. Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb skoçla bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb göydən yerə çırpdılar. 4-5 dəfə yerə çırpdıqdan sonra skoç cırıldı və yenidən yerə uzadıb ağzıüstə əllərimi ayaqlarıyla əzməyə başladılar”, izahat məktubunda işgəncə halı belə təsvir edilir.
Bayram davam edərək bildirir ki, qollarında, ayaqlarında, dizində işgəncə nəticəsində yaranmış açıq, qapalı və çoxlu qançırlar var.
Bundan sonra vəkil Ombudsman Elmira Süleymanovaya məktub ünvanlayıb və bildirib ki, həbs edilmiş gənclər-İbrahimov Qiyas və Məmmədov Bayram tutulan andan 13 may 2016-cı il saat 15.00-a, yəni Bakı İstintaq Təcridxanasına aparılana qədər “davamlı, ağır, ağılasığmaz işgəncələrə, nalayiq formada şəxsiyyəti alçaldan rəftarlara və qeyri-insani rəftarlara məruz qalıblar”.
Vəkil xahiş edib ki, Ombudsman gənclərlə dərhal görüşsün və onları video və foto kameradan istifadə etmklə müayinə etsin.
Vəkil Elçin Sadıqov bildirir ki, Bayram Məmmədovun və Qiyas İbrahimovun həbsindən verilmiş apellyasiya şikayətinə mayın 19-da baxılacaq.