Türkiyədə Azərbaycana qanunsuz dərman keçirən şəbəkə tutuldu

turkiye-polis-emeliyatTürkiyədə dərman qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı məlum olub ki, cinayətkar şəbəkə qaçaq yollarla Azərbaycana da saxta dərmanlar keçirirmiş.

Əməliyyat İstanbul, Ankara, Adana, Hatay, Kastamonu, Kocaeli və Mardində eyni vaxta keçirilib və 46 nəfər saxlanılıb, onlardan 28 nəfəri şübhəli şəxs qismində həbs olunub. Həbs olunanlar arasında həkim, aptek işçisi və aptek anbarının sahibləri də var.

Türkiyə mediasının yazdığına görə, şübhəlilərdən alınan ifadələr göstərir ki, şəbəkə bəzi həkimlərin e-resept şifrələrini ələ keçirərək, xərçəng, şəkər, hemofiliya kimi xəstəliklərdən əziyyət çəkən şəxslərə dair göstəricilər üzrə saxta reseptlər hazırlayıb və onların əsasında müxtəlif bölgələrdəki apteklərdən dərmanlar götürüblər. Sonra isə həmin bahalı dərmanları qaçaq yollarla Azərbaycan, Suriya, Misir və İraq kimi ölkələrə satıblar. Nəticədə dövlətə 6 milyon lirə (2 milyon dollar) zərər vurublar.