Sabiq prezidenti Heydər Əliyevin doğum günü münasibətilə hər il mayın 10-da keçirilən Gül Bayramı ərəfəsində bu il daha fərqli hadisə baş verib.
Mayın 10-a keçən gecə Heydər Əliyevin Bakı şəhərinin mçərkəzində yerləşən abidəsi üzərində qarffiti üslübunda istehza xarakterli şüarlar yazılıb və onun fotoları sosial mediada yayılıb.
Bundan sonra ictimai fəal olan iki gəncin – NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov və fəal Qiyas İbrahimovun yoxa çıxdığı xəbəri yayılıb.
Martın 12-də isə hər iki gəncə qarşı külli miqdarda narkotik vasitələrin saxlanması və gəzdirilməsi maddəsilə cinayət işi başlayıb və dörd aylıq həbs-qətimkan tədbiri seçilib.
Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin, Bayram Məmmədovdan isə 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib, fəalların vəkili Elçin Sadıqov daha sonra BBC Azərbaycancaya deyib.
Azərbaycanda ictimai-siyasi fəalların və hakimiyyəti tənqid edən yazıları ilə tanınan jurnalistlərin oxşar və daha fəqrli ittihamlarla həbsi əvvəllər də baş verib və BBC Azərbaycanca siyasi məhbus hesab edilən bir neçə fəal haqqında oxşar məlumatları bir yerə toplayıb.
Qiyas İbrahimov: İctimai fəal, 12 may 2016-cı ildə həbs edilib.
Bayram Məmmədov: NİDA Vətəndaş Hərəkatının üzvü, 12 may 2016-cı ildə həbs edilib.
Onlara qarşı qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlama və gəzdirmə maddəsilə cinayət işi başlayıb. İttiham sübut olunarsa onu beş ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Xədicə İsmayılova: Jurnalist, 5 dekabr 2014-cü ildə həbs edilib. Mənimsəmə və israfçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunub və 7.5 il müddətinə azadlıqdan məhrum edilib.
Təxminən 20 ildir ki, jurnalistika fəaliyyəti ilə məşğul olan İsmayılova, son olaraq Azadlıq Radiosunun Bakı bürosunda işləyib.
O, prezident ailəsinin və Azərbaycanın digər yüksək çinli məmurların “gizli biznesi” mövzusunda araşdırmaların müəllifidir.
Xədicə İsmayılova ilkin olaraq əvvəllər Azadlıq Radiosunda işləmiş Tural Mustafayevin şikayəti ilə, onu intihar həddinə çatdırdığı ittihamı ilə həbs edilib.
Daha sonra Mustafayev bir neçə dəfə açıqlama verərək bildirib ki, jurnalistə qarşı şikayətindən imtina edir və şikayət ərizəsini prokurorluq orqanlarının təzyiqi altında yazdığını deyib.
Xədicə İsmayılova həbsindən sonra bir sıra nüfuzlu beynəlxalq mükafatların qalibi olub.
Seymur Həzi: Jurnalist, 29 avqust 2014-cü ildə həbs edilib. Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməkdə ittiham edilib və 5 il azadlıqdan məhrum edilib.
O, müxalif Azadlıq qəzetinin şərhçisi, Azərbaycan hökumətini tənqid edən Azərbaycan Saatı proqramının aparıcısı və AXCP Rəyasət Heyətinin üzvü olub.
Ceyranbatan qəsəbəsində ona yaxınlaşan Məhərrəm Həsənov adlı şəxs sosial mediada göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşduğu, bundan sonra “cavab gözləmədən” Seymur Həziyə hücum etdiyi deyilir.
Daha sonra onun əleyhinə ifadə verən Məhərrəm Həsənov 6 ay azadlıqdan məhrum edilib.
Rəsul Cəfərov: Hüquq müdafiəçisi, 2 avqust 2014-cü ildə həbs edilib. Qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətləriniaşma maddələri ilə ittiham olunub. 2016-cı ilin mart ayında əfv edilib.
2007-ci ildən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) hüquqșünas kimi fəaliyyətə bașlayıb.
2009-cu ilin avqustundan Televiziya və Alternativ Media İnkișaf Mərkəzi İctimai Birliyinin sədri olub və REAL birliyinin İdarə Heyətinin üzvüdür.
Hüquq müdafiəçisi 2012-ci ildə Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyətinə dair keçirilən “Sing for Democracy” kampaniyasının təşkilatçılarından biri olub.
Kampaniya beynəlxalq maraq doğurub və hakimiyyət tərəfindən qəzəblə qarşılanıb.
Həbs olunarkən Rəsul Cəfərov Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinə rəhbərlik edib və gənc fəalların və siyasi məhbusların hüquqlarının ardıcıl müdafiəsi ilə məşğul olub.
O, digər azərbaycanlı hüquq müdafiəçiləri ilə birlikdə Azərbaycanda “siyasi məhbusların vahid siyahını” tərtib etməklə də məşğul olub.
Fərəc Kərimov: Müsavat Partiyasının üzvü, 23 iyul 2014-cü ildə həbs edilib.Qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmək və ya saxlamaqda ittiham edilərək 6 il 6 ay azadlıqdan məhrum edilib.
Siyasi fəal, Müsavat Partiyasının rəsmi saytının idarəçisi olub və Facebookda da siyasi mövzularda müzakirələrin aparıldığı bir neçə qrupu idarə edib.
Onun, anasını xəstəxanaya apararkən qara maskalı şəxslər tərəfindən saxlanıldığı deyilir.
Fərəc Kərimovun saxlanılması barədə məlumat yalnız bir neçə saat sonra təsdiqini tapıb.
Ömər Məmmədov: Sosial media fəalı, 24 yanvar 2014-cü ildə həbs edilib.Narkotik maddələri əldə etməkdə ittiham olunub. 2016-cı ilin mart ayında əfv edilib.
O, sosial şəbəkələrdə, xüsusən də Facebookda fəal olub və satirik “AzTV-dən seçmələr” səhifəsinin yaradıcılarından və adminlərindən biri olub.
Fəal, 1995-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının da üzvü olub.
Beynəlxalq Kipr Universitetinin tələbəsi olan Ömər Məmmədov Bakıya qayıdıqdan bir gün sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, bir neçə saat dindirilmədən sonra sərbəst buraxılıb.
2014-cü ilin 24 yanvar tarixində isə o, mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb, burada onun üzərindən 6 qram heroin aşkarlandığı iddia edilib.
İlkin Rüstəmzadə: NİDA üzvü, 17 may 2013-cü ildə həbs edilib. Cinayətə hazırlıq, iğtişaşların təşkili və orada iştirak, xuliqanlıqda ittiham edilib, 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti təşkilatlarının birləşdiyi Milli Şuranın üzvüdür.
10 mart 2013-cü ildə dinc şəraitdə əsgərlərin ölümlərinə etiraz olaraq Facebook vasitəsilə Bakı şəhərinin mərkəzində “Əsgər ölümlərinə son!” aksiyasını təşkil edib və bundan sonra bir neçə dəfə barəsində inzibati həbs seçilib.
İlkin Rüstəmzadə Bakıda Dənizkənarı Parkda “Harlem Shake” musiqisi altında rəqsin videoçəkilişlərini apararaq YouTube-da yerləşdirdikdən sonra xuliqanlıq törətməkdə ittiham edilərək həbs olunub.
Daha sonra onun işi NİDA hərəkatının fəallarının cinayət işinə birləşdirilib. İlkin həbsdə olarkən NİDA-ya qoşulub.
Rəşadət Axundov: NİDA Vətəndaş Hərəkatının üzvü, 30 mart 2013-cü ildə həbs edilib. Cinayətə hazırlıq, iğtişaşların təşkili və orada iştirak, qanunsuz silah saxlamaqda ittiham edilib. 17 mart 2016-cı ildə Azərbaycan prezidentinin sərəncamı ilə əfv edilib.
2013-cü il martın 10-da Bakı şəhərində “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən etiraz aksiyasından sonra həbs olunan NİDA Vətəndaş Hərəkatının üzvləri arasında Rəşadət Axundov da var.
Bundan öncə də o, Facebookda təşkil edilmiş “Böyük Xalq Günü” adlı etiraz mitinqi ərəfəsində də, ailəsiylə birgə olduğu zaman mülkigeyimli polis işçiləri tərəfindən saxlanılıb və beş sutkalıq həbs cəzası alıb.
Rəşadət hakimiyyətə qarşı sərt mövqe tutan NİDA Vətəndaş Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvüdür.
Bir sıra beynəlxalq insan haqları təşkilatları Azərbaycanda bir sıra jurnalist, bloqqer, siyasi və ictimai xadimlərin siyasi motivli ittihamlar əsasında həbs edildiyini bildirilər.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin baş vermədiyini bildirir.