“The İndependent” yazır ki, bu gün Britaniyanın baş naziri David Cameron dünyanın 50 ölkəsindən gəlmiş liderlərin iştirak etdiyi misilsiz sammiti açmaqla korrupsiya üzərinə yeni qlobal hücumu elan etmiş olacaq.
“Bununla belə, – yazır qəzet, – Baş nazir, Britaniyanı əvvəlcə “öz evini” səliqəyə salmağa çağıran səslərlə getdikcə daha çox üzləşir”.
Məqalədə deyilir ki, qlobal korrupsiyada əsas rol oynadığı söylənən ofşor və vergisiz ərazilərin əksəriyyəti məhz Britaniyanın tabeçiliyindədir.
Söhbət Britaniyanın taxt-tac və dəniz ərazilərindən gedir.
Tarixdə ilk dəfədir ki, keçirilən Antikorrupsiya Sammitində bir sıra ölkələrin bu yaxınlarda mediaya sızmış Panama sənədlərində aşkar edilmiş vergidən yayınma mexanizmlərinə qarşı bəzi öhdəlikləri götürəcəyi gözlənilir.
Britaniya hökumətinin vəzifəli rəsmilərinin bildirdiyinə görə, hər il bütün dünya boyunca 4 trilyon dollar korrupsiyaya qurban gedir.
“The İndependent” yazır ki, Britaniya hökuməti bu sammitə özünün bir sıra tədbirlər proqramı ilə gəlir.
Hökumət iddia edir ki, innən belə qanunsuz pulların Britaniyada mülklərə qoyularaq gizlədilməsinə yol verilməyəcək.
Yeni qaydalara görə Britaniyada mülk alan xarici şirkətlər icbari qaydada xüsusui reyestrdə qeydiyyatdan keçəcəklər və reyestrdə həmin şirkətlərin əsl mənfəətdarlarının adları göstəriləcək.
“The İndependent” yazır ki, cənab Cameron-un kraliça ilə şəxsi söhbətində Nigeriya və Əfqanıstanı “fantastik korrupsiyalı” ölkələr adlandırmasının və bunun mediaya çıxmasının qalmaqal yaradacağı gözlənilsə də, Nigeriya prezidenti Muhammadu Buhari əslində Britaniya baş nazirinin sözlərini təsdiq edib və ölkəsinin həqiqətən də “fantastik korrupsiyalı” olduğunu söyləyib.
Əfqanıstan səfirlyi bu qeydlərlə bağlı narazılıq ifadə etsə də, prezident Qani bildirib ki, ölkədə korrupsiyanın miqyası həqiqətən də genişdir.
Britaniya hökuməti həmçinin ölkənin taxt-tac və dəniz ərazilərini hesabata çəkə bilmədiyinə görə tənqid edilir.
Əvvəlcə evin içi
Panama sənədlərində ən çox adı çəkilən Virgin adaları nümayəndələrinin sammitə dəvət olunmadıqları barədə xəbərlər isə bu tənqidləri daha da kəskinləşdirib.
Məhz buna görə də Britaniya parlamentində təmsil olunmuş bütün partiyaların millət vəkilləri yazdıqları məktubda baş naziri “əvvəlcə evin içini qaydaya salmağa”, Britaniyanın taxt-tac və dəniz ərazilərinin “korporativ məxfiliyinə” son qoymağa çağırıblar.
Məktubda deyilir ki, Britaniya öz ərazilərində anonim şirkətlərin qeydiyyatına imkan verməkdə davam edərsə, onun korrupsiyaya qarşı qlobal mübarizədəki liderliyinə kölgə düşə bilər.
“The İndependent” yazır ki, baş nazir Britaniyadakı şirkətlərin üzərindən sahiblik məxfilyinin qaldırılacağını vəd etsə də, eyni qaydaların Britaniyanın Virgin və Baham adaları kimi dəniz ərazilərinə tətbiq edilməsi üçün addımlar atmır.
Məqalədə deyilir ki, hökumətin Britaniyanın xaricdəki əraziləri ilə ən son danışqılarda ofşor ərazilər özlərində qeydiyyatdan keçən şirkətlərin ictimaiyyət üçün gizli saxlanması kimi hüquqlarını əldən verməyiblər.
Kampaniyaçılar deyirlər ki, bu istisna bütün dünyadan olan korrupsiyaçıların öz qanunsuz pullarını ofşorlara daşımaqda və vergidən yayınmaqda davam etməsinə imkan yaradacaq.
Boş danışıq, yoxsa real əməl?
Sözü gedən məktubda deyilir ki, xarici ərazilərlə razılaşmada bu “istisnanın” və yaxud “dəliyin” bağlanması həyati əhəmiyyət daşıyır, beləki hazırkı sammitin yalnız “boş danışıq və yaxud real əməl” olacağının perspektivi bu istisnanın ləğvindən asılıdır.
Məqalədə deyilir ki, bu sammitdə bir sıra ölkələrin korrupsiya ilə mübarizədə konkret addımlar elan edəcəyi gözlənilir.
“The İndependent” yazır ki, bir sıra taxt-tac və dəniz əraziləri də daxil Britaniya və daha 40 ölkə şirkətlərin sahibliyi barədə məlumatları avtomatik şəkildə bölüşməyi icbari edən sazişi imzalamğa razılıq verib.
Cənab Cameron deyib ki, “korrupsiya şəri dünyanın bütün guşələrinə çatır”.
Baş nazir bildirib ki, hazırda üzləşilən bir çox əsas problemlər, o cümlədən iqtisadi qeyri-müəyyənlik və dəhşətli yoxsulluq, habelə radikallaşma və ekstremizm korrupsiya üzündən baş qaldırır.
“Qlobal problemə qlobal həll lazımdır” – deyib baş nazir. O bəyan edib ki, korrupsia ilə həqiqi mübarizə dünya ölkələrindən misilsiz cəsarət tələb edir.
Cameron məqalə yazıb
“The Guardian” qəzeti London sammitinin ərəfəsində baş nazirin məqaləsini dərc edib.
Bu məqalədə David Cameron korrupsiya pulları ilə mübarizəyə dair bir sıra konkret addımların atılacağını bildirir.
Baş nazir vəd edir ki, Birləşmiş Krallıqda daşınmaz mülkiyyəti olan xarici şirkətlər bu mülklərin əsl sahiblərinin adlarını açıqlamağa məcbur ediləcəklər.
Onun sözlərinə görə, ictimaiyyət üçün açıq olan reyestrdə qeydiyyatdan keçməyən xarici şirkətlərə Britaniyada və Londonda mülk almaq qadağan olunacaq.
Cameron “korrupsiyaçılar üçün Britaniyada ev olmadığını” vurğulayıb.
Baş nazir yazır ki, yeni qaydalara görə qanunsuz pullarla alındığı güman edilən mülklərin sahiblərindən evi legitim pullarla aldıqlarının təsdiqi tələb ediləcək.
Onun sözlərinə görə “legitim vəsaitlə” alınmayan evlər müsadirə edilə bilər.
Bu sammitdə 50 ölkənin nümayəndələrindən başqa, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Valyuta Fondu da iştirak edirlər.
11 ölkə dövlət başçıları ilə təmsil olunub. ABŞ-ı bu sammitdə dövlət katibi John Kerry təmsil edir. Rusiya isə sammitə yalnız xarici ilşlər nazirinin müavinini göndərib.