“Dollarla kredit götürüb evinə mebel alana güzəşt edilməməlidir”
“Əvvəldən də demişdim ki, dövlətin dollar siyasəti düzgün deyil. Dövlət o vaxt kredit götürənləri aldatdı, bir yandan manatı tərifləyirdilər ki, əmanətlərinizi manatla saxlayın, digər yandan da dollarla kredit verirdilər, əhalini şirnikləndirirdilər. Sonra da dolların qiyməti qalxanda adamlar çıxılmaz vəziyyətdə qaldılar. Dövlət əvvəldən dollarla kredit verməməliydi, səhvi də o zaman elədilər. İndi dollarla krediti olanlara güzəşt etsəydilər ikiqat səhv etmiş olardılar. O vaxtın səhvidir və o səhvin cəzasını da kredit götürənlər ödəməyə məcbur oldu”.
Bunu Moderator.az-a açıqlamasında sabiq deputat, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.
Ə.Əlirzayev dollarla kredit götürənlərə güzəşt edilməsinin tamamilə əleyhinə olduğunu bildirib: “Kreditin prinsiplərinə görə dollarla kredit götürmüsənsə, dollarla da qaytarmalısan. Dollarla götürülən krediti dollarla qaytaranda da əlbəttə ki, kredit götürən itirir. Kredit götürən dollarla qazanc etsəydi itirməyəcəkdi, ancaq burada bir məsələ var ki, kredit götürən dollarla qazanc etməyib axı. Dollarla kredit götürənlərə güzəşt etsələr, gərək ki, hamıya güzəşt edələr. Elə kreditlər var ki, məsələn istehlak xarakterli kreditlərdir və s. Ona görə də bu məsələdə bir qədər fikirləşmək lazım idi. Əgər doğurdan da hökumətin, dövlətin müəyyən güzəşt sistemi olsaydı, o zaman həmin fərqi kimsə dövlətə ödəməliydi. Bizim milli ehtiyatımızı, yığılmış pulları kreditə paylamaq da düzgün olmazdı.
Hər zaman demişəm ki, kredit məsələsində çox diqqətli olmaq lazımdır. Neftin pulunu, gələcək nəslin pulunu yığıb dollarla krediti olanlara vermək doğru deyil.
Güzəştlər dövlətin işidir və istənilən güzəşt müəyyən perspektiv üçün verilməlidir, güzəşt o vaxt olunur ki, sahibkarlıqla məşğul olasan, torpağı becərəsən, heyvandarlığı inkişaf etdirəsən. Yoxsa ki, dollarla kredit götürüb evinə mebel alana güzəşt edilməməlidir. Kiminsə və ya kreditorların xatirinə xalqın sərvətini xərcləmək düz deyil”.
Sabiq deputat onu da qeyd edib ki, güzəşt ancaq kreditin müddətini uzatmaqla edilə bilərdi: “Güzəşt o olmalıydı ki, vaxtı uzatsınlar, ödəməni yenidən müəyyənləşdirsinlər. Düzdür, mən insanların vəziyyətini başa düşürəm, ancaq elə güzəştlər var ki, onun ümumi nəticəsi hamı üçün, xalq üçün ziyanlıdır. Güzəşt siyasəti heç zaman müsbət nəticələr vermir. Bu məsələdə ancaq gələcəkdə yarana biləcək problemlərin qarşısın almaq olar. İlk növbədə Azərbaycanın milli pul vahidi var, milli pulun bazarını genişləndirmək, ölkənin dollardan asılılığını azaltmaq lazımdır. Kredit verilirsə, mütləq manatla verilməlidir, bütün layihələr manatla işlənməlidir”.