Panama sənədlərinin baza məlumatları hamı üçün əlçatan olub.

Image captionSənədlər Mossack Fonseca Panama hüquq firmasına məxsus olub

“Panama sənədləri” ətrafındakı qalmaqalın miqyası 200 mindən çox ofşor hesabları haqda nəhəng məlumat bazasının internetdə dərc olunması ilə artır.

Məlumat bazasına giriş bazar ertəsi, Qrinviç üzrə saat 18:00-dan mümkün olub.

Sənədləri dərc etdirmiş Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu-nun (International Consortium of Investigative Journalists – BTJK) iddialarına görə, bu sənədlərdən bəzi varlı və nüfuzlu adamların vergidən yayınma və sanksiyalardan azad olmaq üçün ofşor şirkətlərdən necə istifadə etməsi aydın olur.

Sənədlər Mossack Fonseca Panama hüquq firmasına məxsus idi və “John Doe” təxəllüsü ilə tanınan mənbədən alınıb.

Mossack Fonseca bildirib ki, hər hansı qanun pozuntusu törətməyib.

Ötən həftə şirkət məlumat bazasının dərc olunmasının qarşını almaq üçün göstəriş verib, amma bu sənədlərə malik olan BTJK onları yayacağını bildirib.

Bu sənədlərin köməyi ilə keçmiş və hazırkı dövlət başçıları, tanınmış siyasətçilər, məmurlar və idman ulduzlarının yüzlərlə gizli aktivləri ortaya çıxıb.

Sənədlərdə bütün dünya üzrə 20 ofşor zonada qeydiyyata alınmış 200 mindən çox saxta firmaların, fondların və etibarlı şirkətlərin adı çəkilib.

Image copyrightReuters
Image captionMossack Fonseca bildirib ki, 40 ildən artıq bir müddətdə fəaliyyət göstərsə də, heç bir kriminal fəaliyyətdə ittiham və məhkum edilməyib

Panama sənədlərində xüsusilə diqqəti britaniyalı baş nazir David Cameron, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Argentinanın prezidenti Maurisio Macri, Azərbaycan prezidentinin ailə üzvləri, həmçinin Hong-konglu rejjisor və aktyor Jackie Chan, ispaniyalı rejissor Pedro Almodovar, futbol ulduzu Lionel Messi kimi şəxslər cəlb edib.

İslandiyanın baş naziri Sigmundur Davíð Gunnlaugsson qalmaqal dalğasında istefaya gedib.

11,5 milyon sənəd Almaniyanın Sueddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists – BTJK) ilə paylaşılıb.

Bundan sonra BTJK Britaniyanın “The Guardian” qəzeti də daxil, 76 ölkənin 107 media qurumu ilə əməkdaşlıq edib.

BBC mənbənin kimliyini bilmir, lakin firma bildirir ki, xaricdə yerləşən serverlərdən edilmiş haker hücumunun hədəfi olub.

Mossack Fonseca bildirib ki, 40 ildən artıq bir müddətdə fəaliyyət göstərsə də, heç bir kriminal fəaliyyətdə ittiham və məhkum edilməyib.

BTJK deyir ki, dərc olunacaq sənədlər Wikileaks-in etdiyi kimi nizamsız olmayacaq.

BTJK bildirib: “Məlumat bazasında elektron məktublar və digər göndərişlər, pul köçürmələri, hesabların konkret nömrələri, və ya telefon, pasport nömrələri olmayacaq. İctimai maraqlara görə, seçilmiş və məhdud məlumatlar dərc olunur”.

İqtisadçılar bazar ertəsi 300 dünya liderlərinə müraciət məktubu imzalayıb və vergi cənnətinə son qoymağa çağırıb. Onlar hesab edirlər ki, vergi cənnəti yalnız zəngin, özəl şəxslərin və korporasiyaların xeyrinədir və dünyada qeyri-bərabərliyin səviyyəsini artırır.

Ötən həftə “John Doe” 1800 sözlük bəyanat yayıb və orada bildirib ki, “gəlirlərin qeyri-bərabərliyi” onun hərəkətlərinin motivi olub.

O əlavə edib ki, heç bir dövlətin kəşfiyyat agentliyi üçün heç vaxt işləməyib. O, hüquq-mühafizə orqanlarına ona immunitetin təqdim olunması şərti ilə, ittihamların irəli sürülməsi üçün yardım təklif edib.