“İsrafçı” gül bayramı əvəzinə iməcilik

 

Image captionHər il Heydər Əliyevin doğum günündə Bakıda Gül bayramı təşkil olunurdu.

Azərbaycanda 2004-cü ildən bəri keçirilən Gül bayramı bu il fərqli formatda olacaq. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə bayram təntənəli şəkildə keçirilməyəcək. Əvəzində müxtəlif rayonlarda ağaclar əkiləcək, iməclik keçiriləcək.

Bu format 13-cü ili qeyd olunacaq Gül bayramında yenilikdir və bir çoxları bu addımı müsbət qarşılayıb.

BŞİH-in BBC Azərbaycancaya dediyinə görə, bayramın bundan sonra yeni formatda keçirilib-keçirilməyəcəyi dəqiq deyil.

Mərhum prezident Heydər Əliyevin doğum günündə keçirilən bu bayram bu il aprelin əvvəlində təmas xəttində baş vermiş döyüşlərdən sonra həlak olanların 40 mərasiminə düşdüyü üçün sosial şəbəkələrdə etirazla qarşılanıb.

Etiraza cavab

Image captionBakıya xaricdən gətirilən güllər üçün milyonlarla manat pul xərcləndiyi deyilir.

Facebookda “Gül bayramına yox deyək” şüarı ilə yaradılmış tədbir səhifəsinə 12 mindən çox istifadəçi qoşulub.

Bu səbəbdən bayramın keçirildiyi əsas məkanlardan biri olan mərkəzi Heydər Əliyev parkında bayrama hazırlıq məqsədilə quraşdırılmlış çadırlar sökülüb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) BBC Azərbaycancaya təsdiqləyib ki, bu il keçiriləcək Gül bayramında Bakı şəhərində yaşıllaşdırma işləri görüləcək, ağaclar, güllər əkiləcək, iməciliklər təşkil olunacaq.

BŞİH bu qərarını “müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə” verdiyini bildirib.

Bu məqsədlə BŞİH mayın 10-da sakinləri paytaxtın park, bağ və xiyabanlarında aparılan abadlaşdırma işlərinə qoşulmağa dəvət edib.

“Sevindirici hal”

“Gül bayramına yox deyək” şüarı ilə yaradılmış tədbir səhifəsi isə istifadəçiləri 10 May günü gül bayramını qeyd etmәyә yox, aprel döyüşlərində həlak olanları yad etmək üçün Şәhidlәr Xiyabanına getməyə səsləyib.

Tədbir səhifəsini yaradan Vüqar Niftiyev hazırda Almaniyada yaşayır. O bildirir ki, belə bir tədbiri təşkil etməkdə məqsəd hansısa mitinq vә ya aksiya tәşkil etmәk olmayıb.

“Tədbiri yaratmaqda məqsədim 1-5 apreldə cəbhə bölgəsində gedən şiddətli döyüşlərdə şəhid olmuş 100-ə yaxın əsgərimizə hörmətsizlikdən qaynaqlandı. Səy göstərməyi özümə borc bildim”, deyir Vüqar.

O bayramın formatının dəyişdirilməsini “sevindirici hal” adlandırır və bunu müsbət qiymətləndirdiyini də əlavə edir.

Image captionYasamal Rayon İcra başçısı deyir ki, çərşənbə axşamı rayon ictimaiyyəti 1500 ağac əkəcək

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev BBC Azərbaycancaya deyib ki, çərşənbə axşamı rayon ictimaiyyəti 1500 ağac əkəcək.

“Biz hər il gül bayramını təmtəraqla qeyd edirdik. Bu il aprelin əvvəlindəki hadisələrdə əsgərlərimiz şəhid oldu, təkcə bizim rayondan 4 əsgər şəhid olub. Sabah rayonda 3500-4000-ə yaxın işçilərimiz və sakinlər iməclik keçirəcəyik, abadlıq olacaq”, icra başçısı deyib.

Cənab Mehdiyev bildirib ki, bu tədbirlər “ola bilsin hər il davam edəcək, ola bilsin gələn il yenidən bayram keçiriləcək”.

İsrafçılıqla bağlı doğru qərar

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məlumatında bildirilir ki, bu il Gül bayramında əkiləcək güllər və çiçəklər Yaşıllaşdırma Birliyinin şitilxanalarında yetişdirilir.

İqtisadçı Qubad İbadoğlu deyir ki, bayramın daha öncə keçirilən formatı israfçılıq olub və hazırkı qərar birdəfəlik yox, daimi olmalıdır.

Ən yaxşı variant ağac, gül əkmək, iməclik etmək və ya gül becərən fermerlərin sərgisinin təşkil edilməsi olardı, təhlilçi deyir.

Image captionTəhlilçilər bayramı “israfçı” adlandırır

Bayramın formatının dəyişdiyilməsinin iqtisadiyyatdakı zəifləmə ilə əlaqəsinin olması iə bağlı iddialara şərh verən iqtisadçı bunu doğru hesab etmədiyini bildirir.

O deyir ki, aprel hadisələrindən sonra bayramın keçirilməsi bəzi əhali qruplarında hiddət yarada, ictimai rəydə hakimiyyətin ziyanına işləyə bilərdi. Bu səbəbdən cənab Qubadoğlu bayramın formatının dəyişdirilməsini məqsədəuyğun hesab edir.

“Ümid edirik ki, gələcəkdə bayram əvvəlki səviyyədə keçirilməz. Çünki maliyyə çətinlikləri yaşanan dövrdə belə israfçı bayramın keçirilməsi müvafiq deyil”, o qeyd edir.

İqtisadçı hesab edir ki, güllərin daxili fermerlərdən alınması manatın devalvasiyasından sonra daxili istehsal səviyyəsinin aşağı olduğu dövrdə daxilə investisiya qoyulması sayıla və fermerlərin sərmayəsini artıra bilər.