Mayın 3-də, Ümumdünya Mətbuat Azadlığı Günündə araşdırmacı jurnalist Xədicə İsmayıl UNESCO-nun 2016-cı il Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.
Jurnalistin təltif olunduğu mükafat Helsinkidə keçirilmiş mərasimdə anası Elmira İsmayılovaya təqdim edilib.
Elmira İsmayılova BBC Azərbaycancaya müsahibəsində qızının həbsinətəəssüflənmədiyini deyib.
“Bilirdim ki, bir gün bu olacaq” deyən ana İsmayılova əlavə edib ki, qızı Xədicənin fəaliyyəti ilə qürur duyur.
Müsahibəni Ankaradan jurnalist İlhamə Qasımlı Skype vasitəsi ilə aparıb.
– Həbsdə olan övladınızın mükafatını qəbul etmək ana kimi sizin üçün necə bir hissdir?
– Bu mükafat münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu xalq Xədicəni yetişdirib. Xədicə bu xalqın içində böyüyüb. Xədicə – bu xalqa görə Xədicə olub. Xədicə uğurlarına görə xalqına borcludur.
– Bir tərəfdən qızınız beynəlxalq səviyyəli mükafatla təltif olunub, digər tərəfdən isə o həbsdədir. Özünüzü sevinclə kədər arasında qalmış kimi hiss edirsinizmi?
– Yox! Mən bilirəm ki, mənim qızım düz yolda işlədiyinə, azad sözə xidmət elədiyinə, araşdırmalarına görə həbs olunub. Vuruşan adam həbs olunursa, deməli, burda mənim qızımın təqsiri yox, onu tutanın təqsiri var.
– Xədicənin həbsinə görə sanki peşiman deyilsiniz təsiri bağışlayırsınız…
– Xalqını, vətənini sevən insan vətəndə düzgünlük, azad söz, ədalət olmadığını görüb bu yolda mübarizə aparmırsa, deməli, o, xalqına xidmət etmir. Deməli, istəmir ki, öz xalqı yaxşı yaşasın.
– Xədicənin araşdırmaları ilə bağlı detallı məlumatlarınız var idimi?
– Xədicə araşdırmaların hamısını dostları, tələbələri ilə birlikdə evdə hazırlayırdı. Onlara araşdırmalarla bağlı nələr etməli olduqları barədə tapşırıqlar verirdi. Araşdırma bitəndən sonra isə çox sevinirdilər.
– Xədicənin həbsi müddətində təmkinli görünməniz siyasi baxımdan hazırlıqlı olduğunuz təsəvvürü yaradır…
– Mənim atam Musavatçı olub. 1937-ci ildə həbs edilmişdi. O vaxt uşaq olsam da, təqibə, həbsə hər zaman hazırlıqlı olmuşam. Öz istəyim də budur ki, xalq vətəninin azadlığı üçün vuruşsun.
– Heç, Xədicəni daha loyal olması üçün ona təsir etmək ürəyinizdən keçibmi?
– Yox, keçməyib. Xədicə ilə hər zaman həbsindən daha pisini də gözləyirdik. Həmişə Xədicəyə deyirdim ki, evə çatmazdan 5 dəqiqə əvvəl mənə zəng elə, səni yolda qarşılayım. Düşünürdüm ki, 2-3 nəfərin yanında vurmazlar. Xədicə mənə deməyib, amma uşaqlar deyir ki, Xədicəni öldürmək istəyiblər.
– Həbs olunduğu günü necə xatırlayırsınız?
– Həmin gün Xədicə mənə demədi ki, məhkəməyə gedəcək. Oğlum bizdə idi. Space kanalını açanda onun həbs xəbərini eşitdim. Amma təəssüflənmədim. Bilirdim ki, bir gün bu olacaq.
– Xədicə ilə görüşürsünüzmü?
– Bəli, ayda iki dəfə görüşürük, iki dəfə yemək aparırıq, iki dəfə də zəng edir. Orda olan məhkum qızlar Xədicəni o qədər çox istəyirlər ki, ona qarşı artıq hərəkətə yol vermirlər.
Xədicə də onlara dəstək olur. Yazıb-oxumağı bacarmayan qadınlara dəstək olur. Elə məhkumlar vardi ki, günahları olmadıqları halda tutulmuşdular, imkanları olmadığı üçün özlərinə vəkil tuta bilmədikləri üçün müdafiə olunmamışdılar. Xədicə üç belə məhkuma vəkil ayrılmasına və onların azadlığa çıxmasına nail oldu.