ABŞ-ın Azərbaycandakı keçmiş diplomatından Birləşmiş Ştatlara və Avropaya Əliyev rejimilə bağlı çağırış…
Rebekka Vinsent: «Insan taleləri siyasi oyunlarda alət olmamalıdır, bu pis ənənəyə birdəfəlik son qoyulmalıdır»
Vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışmış, hazırda isə insan haqlarının müdafiəsilə məşğul olan Rebekka Vinsent ABŞ və Avropanı Əliyev rejiminə daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb. O, bu barədə geniş bir məqalə hazırlayıb. “Open Democracy”də yayımlanmış “Azərbaycandakı siyasi məhbuslar yaddan çıxmamalıdır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Son bir neçə həftədə beynəlxalq diqqət Azərbaycana yönəlmişdi. Bu ölkədə misli görünməmiş repressiyalar fonunda kiçik ümid işartısı yaranmışdı. Söhbət Azərbaycan prezidenti Ilham Əliyevin martın 17-də imzaladığı sərəncamla 14 siyasi məhbusun azadlığa buraxılmasından gedir. Həmçinin həmin gün Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist Rauf Mirqədirovu şərti azadlığa buraxdı. Ardınca martın 28-də Ali Məhkəmə insan hüquqları üzrə tanınmış vəkil Intiqam Əliyevin şərti azadlığa buraxılması barədə qərar verdi.
Ola bilsin ki, məhz bu addımlara reaksiya olaraq, Əliyev martın sonunda Vaşinqtonda keçirilən nüvə sammiti zamanı ABŞ hökuməti tərəfindən isti qarşılandı. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının Əliyevlə görüşməmək barədə çağırışlara baxmayaraq, o, ABŞ-ın vitse-prezidenti Co Baydenlə, dövlət katibi Con Kerri ilə, Birləşmiş Ştatların ticarət naziri Penni Pritskerlə görüşə, eləcə də Barak Obama ilə şəkil çəkdirə bildi.
Vətəndaş cəmiyyəti iflic vəziyyətdə, jurnalistlər qorxu altında…
Əliyev Vaşinqtondan qayıdan ərəfədə “dondurulmuş” Dağlıq Qarabağ münaqişəsi yenidən alovlandı. Bir neçə gün ərzində onlarla insan həlak oldu. Eyni zamanda, Azərbaycanın ciddi iqtisadi problemləri var. Çünki neftin qiymətinin ucuzlaşmasından sonra milli valyuta olan manat dollara nisbətdə kəskin dəyərdən düşüb. Ölkədə işsizliyin səviyyəsi yüksəkdir. Bu da yanvar ayında bölgələrdə etirazlara gətirib çıxarmışdı. Bütün bunlardan sonra da “Panama papers” adlanan ifşaedici materiallarda Azərbaycanın hakim ailəsinin korrupsiyası üzə çıxdı.
Bütün bu qaynar hadisələrin fonunda Azərbaycanda insan hüquqlarına qarşı hücumların davam etməsi bu ölkədə vəziyyətin daim diqqətdə saxlanılmasını tələb edir. Bu gün də Azərbaycan həbsxanalarında onlarla siyasi məhbus qalmaqdadır və onların yeganə günahı hakim rejimlə razılaşmamalarıdır.
Parlament qanunvericiliyə mürtəce dəyişikliklər edib, vətəndaş cəmiyyəti iflic vəziyyətə salınıb, bir sıra QHT-lər cinayət təqibinə məruz qalıb, jurnalistlər qorxu mühitində işləyirlər. Həbsxanada siyasi məhbusların olması Azərbaycan hakimiyyətinə istədiyi vaxt Qərblə oyun oynamaq imkanı yaradır. Siyasi məhbusların azadlığa buraxılması düzgün istiqamətdə atılmış addım olsa da, bunu qətiyyən ideal adlandırmaq olmaz. Çünki azadlığa buraxılan həmin 16 nəfərin heç biri ümumiyyətlə, həbsxanada bircə gün də keçirməli deyildi. Onların saxta ittihamlarla həbs olunması, tamaşa xarakterli məhkəmə proseslərinin keçirilməsi, bir sıra hallarda, həbs yerlərində pis rəftara məruz qalmaları ədalətdən çox uzaqdır.
Həbsdə qalan siyasi məhbuslar
Bundan başqa, azadlığa buraxılanların bəzilərinə (şərti cəza alanlar) qarşı cinayət təqibi davam edir, onların ölkədən çıxışına qadağa qoyulub. Əfv sərəncamı ilə azadlığa çıxanların üzərində də kriminal keçmiş qalmaqdadır, çünki onlara bəraət verilməyib. Hətta onların bir qisminə dövlət orqanlarında vəzifə tutmaq, o cümlədən Vəkillər Kollegiyasına üzv olmaq, qeyri-kommersiya təşkilatlarında çalışmaq yasaq olunub. Onlar peşə fəaliyyətlərinə mane olan bir sıra başqa maneələrlə də qarşılaşırlar.
Bir sıra siyasi məhbusların əfv sərəncamından kənarda saxlanılması da çox şeydər xəbər verir. Azərbaycandakı hakim elitanın korrupsiyasını ifşa etdiyinə görə təqib olunan tanınmış jurnalist Xədicə Ismayılova hələ də həbsdədir. Digər jurnalist Seymur Həzi də dəmir barmaqlıqlar arxasındadır. “Harlem Shake” videosuna görə həbs olunan gənc fəal Ilkin Rüstəmzadə də həbsdə olanlar arasındadır. Müxalifət lideri Ilqar Məmmədov da Avropa Məhkəməsinin qərarına baxmayaraq, hələ də azadlığa buraxılmayıb. Bu siyahını davam etdirmək də olar…
Martın 28-də Ali Məhkəmə Intiqam Əliyevin şərti cəza ilə azadlığa buraxılmasına qərar verdi, martın 30-da isə 79 yaşlı yazıçı Əkrəm Əylisli hava limanında saxlanıldı. Onlara bildirilib ki, ölkədən çıxışına qadağa var. 12 saat dindirildikdən sonra barəsində cinayət işi başlandığı və xuliqanlıq ittihamı elan olunduğu bildirilib.
Yanvar ayında sosial-iqtisadi tələblərlə keçirilən etiraz aksiyalarında tutulanların işi üzrə də istintaq davam edir.
ABŞ və Avropanın səhvi
Həbsxanada siyasi məhbuslar qaldığı halda, Vaşinqtonda Əliyevin isti qarşılanması və onların hamısının azadlığa buraxılması, islahatların həyata keçirilməsi məsələsində qəti tələb mövqeyi nümayiş etdirilməməsi səhv idi. Bu mənada, Avropa indiyədək nisbətən daha yumşaq davranıb. Avropanın bir çox siyasətçiləri Əliyevin bu addımını alqışlasalar da, bu işin davam etdirilməsinin vacibliyini vurğulayırdılar. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Mogerini isə tələm-tələsik “müsbət inkişafı” təriflədi.
Avropa Birliyinin hüquq müdafiəçisi Intiqam Əliyevin həbsdən buraxılmasına reaksiyası da həddindən artıq pozitiv oldu. Avropa Birliyinin bəyanatlarında həbsdə olan digər siyasi məhbusların da azadlığa buraxılmasına xəfif ümid vardı, əslində isə vəziyyət Avropa Birliyinin daha dəqiq və güclü mövqe ortaya qoymasını tələb edirdi.
Güman ki, Əliyevə bu cür münasibət siyasi motivli həbslərin davam etməsinə rəvac verəcək. Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt da Əliyevin əfv sərəncamını təriflədi. Amma nədənsə, o, digər siyasi məhbusların, o cümlədən Ilqar Məmmədovun taleyini yaddan çıxartdı. Hərçənd, Ilqar Məmmədovun azadlığa buraxılması barədə Avropa Məhkəməsinin qərarının icra olunmaması Avropa Şurası üçün ciddi problemdir və dəfələrlə Nazirlər Komitəsinin iclasında da müzakirə olunub. Intiqam Əliyevin həbsdən buraxılmasına münasibət bildirərkən Aqramuntun belə bir kiçik əlavəsi olmuşdu: “Mən Azərbaycan hökumətilə siyasi fəalların işilə bağlı dialoqu davam etdirəcəm”.
Bu isə əslində lazım olan qətiyyətli mövqedən çox uzaq idi. Halbuki, Avropa Şurası üzv dövlət kimi, Azərbaycanın öhdəliyinə əməl etməsi üçün lazım olan tədbirləri görməlidir. Ilqar Məmmədov məsələsində Avropa Məhkəməsinin qərarının icra olunmaması Avropa Şurasına etimadı sarsıdır. Avropanın bir neçə siyasi məhbusun azadlığa buraxılmasını tərifləyib, növbəti islahatlar məsələsində qəti mövqe tutmaması uzaqgörən siyasət deyildi.
Həbsxanada tanınmış şəxslərin siyasi məhbus kimi saxlanılması Əliyev rejiminə həmişə Qərblə oynamaq imkanı verir. Insan taleləri siyasi oyunlarda alət olmamalıdır. Bu pis ənənəyə birdəfəlik son qoyulmalıdır. Əliyevi belə addımlardan sonra tərifləyib, onlarla siyasi məhbusun taleyinə biganə qalmaq əvəzinə, ona sərt mesajlar verilməlidir.