“Kim Almaniyada, Avropada İslamı istəmirəm deyirsə, konstitusiyaya qarşı çıxır”

Almaniyanın keçmiş prezidentindən türklərə xoş sözlər -
“Almaniya ordusunda bu qədər çox türk mənşəli hərbçimiz olmasaydı, ehtimal ki, ordumuz bu qədər güclü olmazdı. Mediada, mədəniyyət sahəsində çox sayda müsəlman miqrant var ki, ölkəmizi müdafiə və təmsil edir”.
Avropa.info xəbər verir ki, bunu Almaniyanın keçmiş prezidenti Kristian Vulff deyib.
Vəzifədə olduğu müddətdə “İslam dini Almaniyaya da aiddir” sözləri ilə gündəmə gələn Vulff Avropada millətçiliyin güclənməsindən narahat olduğunu bildirib.
“Kim Almaniyada, Avropada İslamı istəmirəm deyirsə, konstitusiyaya qarşı çıxır. Mədəniyyətlərin toqquşmasının əvəzinə birlikdə yaşamanın düsturunu tapmalıyıq. Mən 2010-cu ildə “İslam Almaniyaya da aiddir” ifadəsini işlətdim. Mübahisələr, iradlar oldu. Bəziləri dedi ki, müsəlmanlar aiddir, amma İslam deyil. Xeyr, 3 milyon müsəlman ölkəmizdə yaşayırsa, o zaman onlar bu ölkəyə dinləri ilə birlikdə aiddilər. Onlara İslam din dərsləri və məscidlərin fəaliyyəti üçün tam şəkildə imkan vermək lazımdır”, -deyə Vulff vurğulayıb.