Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə edilən hücum zamanı zərərçəkən olmayıb. Bunu R.Koçaryanın mətbuat katibi Viktor Soqomonyan bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın “Sistema” səhmdar-maliyyə korporasiyasının Şura üzvü olan R.Koçaryan hazırda Moskvadadır.
“Mən belə başa düşdüm ki, kimsə eks-prezidentin evinə qumbara ataraq qaçıb. Hadisə nəticəsində zərərçəkən olmayıb”, – deyə V.Soqomonyan bildirib.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın evinə hücum edilməsi xəbərini alan Yerevan polisi hadisə yerinə gəlib. Bu məlumatı «Ermənistan xəbərləri» portalı yayıb.
Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan bildirib ki, alınan məlumata görə, malikanəyə qumbara atılıb.
Hazırda hadisə yerində operativ qrup işləyir, polis hadisənin digər təfərrüatları barədə məlumat verməyib. (Virtualaz.org)