Sahibkarlardan ordu üçün məcburi pul yığılır?

 

Xəbərnamə.info Bastainfo.com-a istinadən xəbər verir ki Silahlı Qüvvələrə Yardım Fonduna sahibkarlardan məcburi qaydada pul yığıldığı bildirilir. Bu haqda Bastainfo.com redaksiyasına Nəsimi rayonu ərazisində dükan işlədən sahibkarlardan biri məlumat verib. Mənbə bildirib ki, pulun yığılması işini özlərini Mənzil İstismar Sahəsinin əməkdaşları kimi təqdim edən şəxslər həyata keçirir.v5GYlp

“Bir qadın və bir kişi gəlmişdi. Dedilər ki, JEK-də işləyirlər. Nəsimi rayon icra hakimiyyətinin adından göstəriş verdilər ki, ordu üçün pul ödəməlisiz. Mənə bank hesabını təqdim elədilər. Dedilər ki, pulu köçürün, qəbzi gəlib sizdən götürəcəyik və İcra Hakimiyyətinə təqdim edəcəyik. Hələ bir hədə qorxu da gəldilər. Dedilər ki, bütün kafe və dükanlardan, hamıdan pul yığırlar, nə qədər çox ödəsəniz başınız o qədər az ağrıyar, kim ödəməsə vəziyyəti pis olacaq”, – mənbə bildirir.

Mənbə ona təqdim olunan hesab nömrəsini də “Basta” əməkdaşına təqdim edib. Silahlı Qüvvələrə Yardım Fondu üçün hesab Beynəlxalq Bankın Binəqədi filialında açılıb. Sahibkarlara paylanan hesab nömrəsində Fondun adında da yanlışlığa yol verilib.

Benefisiar bank: ABB Binəqədi filiali. VOEN/1NT9900001881

Hesab:Az981BAZ38040013449930010202

VOEN/1nt130012221

Mənbə bu pulun dövlət səviyyəsində yığıldığını, yoxsa hansısa işpazların cəbhə bölgəsindəki vəziyyətdən yararlanmaq istədiyini aydınlaşdırmağa çalışdığını açıqlayıb: “Keçən il bizdən Avropa Oyunları üçün məcburi pul yığmışdılar, indi müharibə üçün yığırlar. Başa düşürük ki, orduya hamı dəstək verməlidir. Amma məsələ ondadır ki, indi krizisə görə qazanc sıfır səviyyəsindədir və təəssüf ki, bizim orduya pul vermək imkanımız yoxdur”.

İcra Hakimiyyətlərinə, yaxud MİS-lərə sahibkarlardan pul yığmaq üçün həqiqətən göstəriş verilibmi? Bu fond könüllü ianələrin toplanmasını nəzərdə tutursa, sahibkarlara niyə hədə-qorxu gəlinir?

Bu suallara cavab almaq üçün Nəsimi Rayon icra hakimiyyətinə dəflərlə zəng vursaq da, zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu prezidentin sərəncamı ilə 2002-ci ildə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.

Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.

Rəsmi məlumata görə, 2002-ci ildən 2015-ci ilin aprel ayınadək olan dövr ərzində Fondun hesabın 63 milyon manata yaxın vəsait keçirilib. Bu, Azərbaycanda bir oliqarxın ödəyə biləcəyindən on dəfələrlə az bir məbləğdir.

Bizim şərh: Əgər hakimiyyət büdcədən ayrılan vəsaitdən əlavə ordu üçün pul yığılmasını istəyirsə, donor olaraq kiçik sahibkarlardan əvvəl, oliqarxlara müraciət etməlidir. Kiçik sahibkarların bu işə cəlb edilməsi üçün isə inzibati üsullardan və hədə-qorxu metodundan yox, qanunçuluğu və ordumuzun nüfuzunu nəzərə alaraq, təbliğatdan istifadə edilə bilər.  

Mustafa Hacıbəyli, Bastainfo.com