Riyad Əliyev: “Şəhid Təbriz Musazadənin övladıyla prosesi yekunlaşdırmaq istəmirik, gələcəkdə digər şəhid övladları üçün eyni imkanları yaradacağıq”
“Qarabağ döyüşlərində qəhrəmancasına döyüşərək, şəhid olmuş pilotumuz Təbriz Musazadənin oğlunun universitetə qədər təhsil xərclərinin üzərimizə götürməyə hazırıq”. Bunu JAM.AZ-a Azərbaycan Qafqaz Fondunun direktoru, hazırda Almaniyada mühacirət həyatı yaşayan Riyad Əliyev bildirib.
O qeyd edib ki, Fond məsələni təkcə bir şəhid övladıyla yekunlaşdırmaq fikrində deyil. Onun sözlərinə görə, yaxın gələcək üçün bir neçə şəhid övladının da təhsil xərclərini üzərlərinə götürməyə hazırlaşırlar. “Maddi imkanı daha az olan şəhid övladlarının təhsil xərclərini üzərimizə çəkməyi düşünürük. Hələlik say barədə dəqiq nəsə deyə bilmərəm. Amma onu qeyd edim ki, gələcəkdə də bu istiqamətdə daha genişmiqyaslı addımlar atmağı düşünürük”.
Xatırladaq ki, Azərbaycan Qafqaz Fondu yeni yaradılıb və hazırda Avropa ölkələrində fəaliyyət göstərir.