Dağlıq Qarabağda savaş alovlandı, ordumuz 29 gəncini itirdi.
Hakimiyyətin nəzarətində olan KİV hər gün “yüksəklik” aldı, rayon, kənd demədən işğaldan azad etdi.
Müxalifət, ictimai fəal kəsim əhalini ruhlandırdı, əsl qələbə savaşı ruhu illər sonra təkrar əhali arasında yüksəldi.
Ən kəskin müxaliflər, siyasi xadimlər savaşa şərh verdi, az qala “hakimiyyətlə mübarizəni kənara qoyaq, vətən uğrunda diktatora güzəştə də getmək olar”, “prezidentim, nazirim (Müdafiə Naziri)” kimi ifadələr işlədildi, sosial mediada diktatorun şəkilləri boy boy yayıldı, nazirə təriflər göydə uçuşdu.
Əhali arasında İlham Əliyevin nüfuzu birə beş artdı, Qarabağı “işğaldan azad edən lider” görüntüsü çizildi.
Bəs əslində nə baş verirdi? Müxalif siyasilər olayın fərqində idilər, sadəcə xalqın dividentinə oynayırdılar, yoxsa həqiqətən “xilaskar liderin” Qarabağ alması eyforiyasına qapılmışdılar? Məncə bu qədər sadəlöv deyil illərdir rejimlə mübarizədə olan siyasilər. Onlar oyundan bixəbər görünməklə xalqın yüksələn milli ruhundan divident qazanmaq istəyirdilər (doğru olan budur siyasətçi üçün, qınaq məqsədilə yazmıram).
Tanınmış bütün siyasi liderlər savaşı dəstəklədilər, sanki bilmirdilər bu savaş torpaqları işğaldan azad etmək üçün deyil, Əliyevin manevri üçün atılıb ortaya.
Başdan sona səssiz qalmağı tərcih etdim, təbii şəhidlər adına deyil, qurma savaş adına.
İlham Əliyevi nə xilaskar gördüm, nə də Zakir Həsənovu mübariz general.
Və sonra da, milli yüksələn ruhda xalqımızı seyr etdim, gəncəcik əsgərlərin şəhid xəbərlərinə üzülərək. Çünki 29 şəhid görüntüdə vətənin müdafiəsi üçün dünyadan köçsələr də, əslində Əliyevin nüfuzu üçün canlarını vermişdilər. Və bu çox üzücü idi. Putin – Əliyev anlaşmasının nəticəsi – 29 gəncəcik can, 29 həyat arzulu insan, 29 ata, 29 həyat yoldaşı, 29 gözü yaşlı ana arxalarında qoyan mərd gənclər.
İlham Əliyevə nədən lazım idi bu savaş?
Məlumunuz ölkədə iqtisadi, sosial və bunların başında bağlı olduğu siyasi böhran artan templə gedirdi. Aclıq, yoxsulluq, işsizlik, bank kreditləri problemi və səfalət bərabərində intiharları, etirazları gətirir və gətirməkdə idi. Rejimin dayaqları sıradan çıxmaq ərəfəsində idi və çox keçmədən kütləvi hal alacaqdı etirazlar, həm də heç bir gücün susduramayacağı həddə çatmaqla. Bunu önləyəcək islahatların açarı isə Əliyevin əlindən çoxdan çıxıb. Korrupsiyalaşmış rejim artıq batdığı cinayət çuxurundan çıxmaqda acizdir və xalqın qəzəbi qarşısında duruş gətirmək iqtidarında olmayacaqdı. Bəs nə etməli bu durumda? Hər zaman ediləni və bu məqsədlə saxlanan “Qarabağ kartını” oynamalı, daha bir neçə il nəfəs almalı idi.
Birdən birə ABŞ –a üz döndərə bilməyən Əliyev həm də Putinə bağlı rejimi ilə çıxılmaz durumda idi. ABŞ səfəri Putinin hiddətinə səbəb olsa da Əliyev bundan imtina edə bilməzdi. Çünki ABŞ Kongresinə təqdim olunan “Azərbaycanda demokratiya aktı” sanksiya layihəsi bir başa Əliyevin oğurladığı milyardlara tuşlanmışdı. Sanksiyaların qəbulu Əliyevin milyardlarını itirməsi ilə nəticələnəcəkdi. Ona görə də bir sıra tanınmış siyasi məhbusları azadlığa buraxmaqla “demokratiyaya doğru bir addım” prinsipinə sadiq qalan regionun lider “oğrusu” ardınca ABŞ-a səfər etdi.
Bu isə Putinin qəzəbi ilə qarşılandı. Ancaq bu qəzəb Əliyevə sərfəli idi. Putin Qarabağ kartını oynayacaq, diktator da boynu bükük məzlun rolunda xalqa baxıb gözünü döyəcəkdi – “Rusiyaya qarşı necə savaşım” deyərcəsinə. Bununlada dünya gündəmini sarsan digər qalmaqaldan yayınacaqdı.
Qalmaqal “Panama Papers”.
Dünya gündəminə ikinci “Wikileaks” sənədləri kimi səs salaraq çıxan Off –Shore’a qaçırılan pulların sənədi – “Panama Papers” çıxdı. Hətta “Wikileaks”ın indiyə kimi oxunma sayını bir gündə keçdi. Fikrimcə bu sənəd dünyada çox şeyin yerini dəyişəcək gücdədir.
İlham Əliyev özü daxil ailəsinin hər bir üzvü, Fazil Məmmədov və oğlu, Sevil Əliyevaya kimi adları oğurluq pullarla “Panama Papers”in sənədlərində açıqlanacağının bilinci ilə qəzəbi günbə-gün artan xalqın qarşısını 2% maaş artımı ilə almaq olmayacağını bilirdi. Buna görə lazım idi Qarabağda alovlanan savaş. Hesab edirəm ki, İlham Əliyev istəyinə nisbətən nail oldu. Çünki qatı müxalifləri belə aldadıb savaş oyununa inandıra bildisə, bu onun üçün böyük uğur olmalı.
Bir gün yüksəklik “aldı”, o biri gün kənd “aldı”, daha sonra rayon “aldı”. Amma bunları sadəcə öz xidmətində olan KİV lərin illər boyu aldığı tərzdə “aldı”. Bir iki post almaqla böyük oyununa don geyindirdi və xilaskar obrazını yaratdı. Sadə xalqın inanması nə isə də, “A” dan “Z” yə bütün müxaliflər də bu eyforiya içində həzz yaşadı ki, bunu anlamaqda güclük çəkirəm.
Heçmi diqqət etmirsiniz Əliyev son 3 ildir bu kartı daima oynayır deyə?
2014 avqustda oynadı və onlarla gəncin qanı ilə bir neçə gün savaş sürdü.
2015 sentyabrda da oynadı bu oyunu və yenə də onlarla əsgərin ölüm xəbəri ilə sarsıldıq.
Daha bir il keçməyib və yenə də uydurma savaş oyununun həzzini yaşayır insanlar. Niyə geri dönüb baxmasın ki, insan. Axı açıqdan –açığa gözlə görünən oyundu bu.
Qətl edilən 29 gənc sırf Əliyevin “Panama papers”i gündəmdən itirməyinə yönəlmiş oyunun qurbanıdır. Hər bir gəncin qanında İlham Əliyevin bir başa əli var.
Sonda sualın cavabı: Qarabağda savaş İlham Əliyevə lazım idi.
Hər şey bir yana, qondarma savaşda qətl edilən onlarla gəncə yanıram…
Rəsul Mürsəlov