AXCP sədri Əli Kərimli 2-5 aprel tarixində Qarabağ cəbhəsində gedən döyüşlərlə bağlı daha bir yazı ilə çıxış edib. Feysbuk səhifəsində paylaşdığı yazıda AXCP lideri döyüş günlərinin ağır sınağından ordu və xalqın üzüağ çıxdığını, lakin hökumətin yenə də imtahandan kəsildiyini qeyd edib. Yazıda bildirilir:
Dostlar, xalqımız bu hakimiyyətdən azmı çəkib? İndi də bəzilərimiz hökumətin yarıtmazlığına görə xalqa tənə edir. Hakimiyyət lazımı anda qətiyyətsizlik göstərdi, canı ilə, qanı ilə vətənin müdafiəsinə səfərbər olunmuş xalqı yarı yolda qoydu, xalq nə etsin? Seçmədiyi hökumətin addımlarına görə xalqı məzəmmət etmək doğru deyil. Dövlətlə hökuməti qarışdırmayaq. Qarşılaşdığımız heç bir haqsızlıq bizi dövlətimizə küsdürə bilməz. Hökumət yaxşı da olsa, korrupsioner, avtoritar və kriminal mahiyyətli də olsa, ordu öz işini görməli, Vətəni, milləti qorumalı, millət də ordusuna sahib çıxmalıdır. “3 günlük” savaşda millət, hökumət, ordu üçbucağında millətimiz və ordumuz sınaqdan üzüağ çıxdı. Etməli olduğunu etdi. Müxalifət də bu millətin bir parçası olaraq millətinin, dövlətinin, ordusunun yanında oldu. Başqa necə ola bilərdi ki? Bu imtahandan da kəsilən yenə hökumət oldu. Bu xalq daha yaxşı hakimiyyətə, onu yarı yolda qoymayacaq, qələbəyə aparacaq hakimiyyətə layiqdir.