Xaqani Əliyev
xaqaniquzeyli@gmail.com
Azərbaycan Ordusunun erməni separatçı dəstələrinə qarşı qısamüddətli savaşına dünya ictimaiyyətinin, eləcə də beynəlxalq qurumlar və onların səlahiyyətli şəxslərinin hansı mövqedən çıxış etməsinin, necə yanaşmasının şahidi olduq. Fransa telekanalından tutmuş, AŞ PA sədrinə qədər müxtəlif təşkilat və siyasətçilər erməniləri Azərbaycan torpaqlarından çıxmağa səslədi. “Bu qədərini də gözləmirdik” desəm, bəlkə də yanılmaram.
Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmisi Nikolay Bordyujanın kiçik etirazını çıxsaq, təcavüzkarın böyük ümid bəslədiyi Kreml belə, sadəcə, münaqişənin geniş miqyas ala biləcəyindən narahatlığını bildirməklə kifayətləndi.
Bəli, əziz oxucular, tarixi şans demək olar ki, ayağımıza qədər gəlmişdi…
Qərb, xüsusilə də Avropa ölkələri sübut etdilər ki, vaxtilə qəbul etdikləri sənəd və qətnamələr onlar üçün heç də adi kağız parçası deyil. “Kağız parçası” ifadəsinə bir azdan qayıdacağıq. Hələlik isə bir başqa müşahidəmlə davam etmək istəyirəm.
Qarabağda döyüşlər getdiyi müddətdə ölkədə həmrəylik, iqtidarlı-müxalifətli hamının Milli Orduya dəstək olması, razılaşın ki, qəribə, bir az da xoş bir mənzərə idi. Bununla belə, təəssüflə qeyd etməliyəm, bir daha məlum oldu ki, ölkədə bir kəsim var, heç vaxt sivil iqtidar-müxalifət münasibətlərini həzm edə bilməyəcək. Bu, əlbəttə, mənim şəxsi fikrimdir və o cür başa düşülməməlidir ki, həmin qüvvə olmasa, dərhal sivil münasibətlər bərpa edilər. Sadəcə, bu qüvvələr yaranmış gərginlikdən şəxsi məqsədləri üçün çox məharətlə istifadə edirlər.
Götürək, elə cəbhə bölgəsində baş verənlərlə bağlı AXCP sədri Əli Kərimlinin sərgilədiyi mövqeni. Bəhs etdiyim qüvvələr dərhal “lazım olan” reaksiyanı verdilər və bundan narahat olduqlarını gizlətmədilər. Sonradan bu bəyanatın iqtidar-müxalifət münasibətlərində heç nəyi dəyişməyəcəyinə, konkret olaraq, ümummilli məsələmiz olan Qarabağa aid olduğuna əminlikdən sonra sakitləşdilər.
Birdəfəlik hər kəsə aydın olmalıdır ki, Milli Ordu iqtidarın hansısa idarəsi-filan deyil, onun ön cəbhədə vuruşan şəxsi heyəti sadə xalqın övladlarıdır. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur.
Nə isə, gələk əsas məsələyə.
Illərdir hakimiyyət anti-Qərb siyasəti apararaq, cəmiyyətə Azərbaycanın təklənməsini sırımağa çalışırdı. Filan qurum bunu dedi, ermənipərəstdir, filan xarici nəşr iqtidarın ölkəni çapıb-talamağından yazır, deməli, ermənilərin sifarişini yerinə yetirir və s.
Iqtidar Avropa Şurasının Azərbaycandakı siyasi durumla bağlı qəbul etdiyi sənədləri “kağız parçası” adandırmaqdan belə çəkinmirdi. Kim bu iqtidara yarınmaq, mənsəb, mandat əldə etmək istəyirdisə, Avropa və ABŞ-ı söyürdü. Əbədi ittiham isə dəyişməz idi – ermənipərəst!
Illərdir Azərbaycan xalqı bu qorxu altında yaşayırdı. Onların şüuruna Qarabağ, demək olar ki, unudulmuş, hətta deyərdim, geri qaytarılması mümkün olmayan bir ərazimiz kimi hopmuşdu. Kimsə səsini çıxarmağa cəsarət belə etmir, məlum cəbhədəki uzun illər susqunluğun nədənini sormağa ürək eləmirdi. Əksinə, iqtidara Qarabağ məsələsində səbr diləyirdilər. Bəzi insanlar etiraf etməsə də, ürəklərində işğalla barışmışdılar və yalnız möcüzəyə ümid edirdilər.
Sadə xalqa Qərbi ermənipərəst, Rusiyanı isə düşmənlərimizin bir nömrəli himayədarı kimi təqdim edirdilər.
Buna baxmayaraq, Avropanın müxtəlif rəsmi qurumlarında, başda Almaniya parlamenti olmaqla, ayrı-ayrı ölkələr səviyyəsində qəbul olunan hüquqi sənədlərdə Ermənistan birmənalı şəkildə təcavüzkar kimi göstərilirdi.
Dəfələrlə bu haqda yazıb, bu cür sənədləri alqışlayanda iqtidarın təbliğat maşını oxşar ittihamları bizə qarşı da irəli sürürdü.
Bir daha məlum oldu ki, dünya ictimaiyyəti əzəldən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini ədalətli hesab edir. Ermənistanı isə təcəvüzkar dövlət kimi tanıyır.
Işğal edilmiş əraziləri azad etmək üçün bundan əlverişli tarixi şərait mümkün deyil. Bu tarixi şansı əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq!