Fürsətlərdən niyə yararlana bilmirik?

Həqiqətən də çox həyəcanlı anlar idi. Kəlbəcərin işğalından düz 23 il sonra döyüş bölgələrində ciddi hərbi qarşıdurmanın yaşanacağını əvvəlcədən təsəvvür etmək elə də asan deyildi. Amma nüvə sammiti ərəfəsində Qərbə yönəlik pozitiv jestlər ediləndə bunun bir fəsadının olacağını təxmin etmişdik və fəsadın Rusiyadan baş verəcəyini düşünmüşdük…
İndi bunları demək bəlkə də artıqdır. Həm də proseslə bağlı bir deyil, bir neçə ehtimal var…img1518381
Əsas isə tamam başqa məsələdir. Əslində Azərbaycan daha güclü olmalı və daha güclü görünməli idi.
Fəqət, görünür, Qafqazın ən güclü dövləti olduğumuzu və bundan daim qürur duyduğunuzu deməklə işlər bitmir…
Azərbaycanın iqtisadi imkanlarını, insan resurslarını, təbii ehtiyatlarını və sənaye potensialını düşmən Ermənistanla heç müqayisə etmək olmaz. Hərbi və müdafiə xərclərimiz də böyükdür. Amma görünür ki, xərclərin böyüklüyü yetərli deyil, onların təyinatı üzrə və effektiv xərclənməsi də vacibdir…
Bunu bir daha ona görə deyirəm ki, əslində daha güclü olmalı və ilk fürsətdə düşmənə daha sarsıdıcı zərbələr endirməli idik.
Belə xaotik həmlələrlə düşməni çoxdan sarsıda bilərdik. Fəqət, görünür ki, mövcud hərbi teatrla bağlı bitkin konsepsiyamız yoxdur. Mühüm istiqamətləri irəlicədən müəyyən etməli, taktiki və strateji üstünlüklər yarada biləcək əsas  mövqeləri tutmalı idik. Fəqət, tam şəkildə edə bilmir, çox ciddi, daha doğrusu, həlledici irəliləyişlərə nail ola bilmirik…
Bunları uğurumuzu kiçiltmək üçün demirəm. Uğurlar var və hətta böyükdür. Amma onlar daha da böyük olmalı idi…
Hamıda sual yarana bilər ki, görən, acından ölən Ermənistan hər gün döyüşmək üçün resursları haradan tapır, niyə döyüş bölgəsində bir gün belə atəşsiz sovuşmur? Cavab sadədir… Ona görə ki, Rusiya var və o, bizim valyuta ilə aldığımız silahları Ermənistana hədiyyə edir, üstəlik, deyir ki, Ermənistan hərbi müttəfiqimizdir, bu isə o deməkdir ki, biz daim hərbi balansı gözləməliyik…
Olsun. Amma adamı bilirsiniz, nə heyfsləndirir? Hələ də düşmənimizi tanıya bilməmişik. V.Putin cənabları hələ də bizimkilərin dostu olaraq qalır və hələ də epizodik halları istisna etməklə, Qarabağı işğal edən Rusiyanı deyil, nədənsə Qərbi yamanlayırıq!.. Rusiyanı ona görə yamanlamırıq ki, o, bizdən siyasi məhbusları azad etməyi, azad və demokratik seçkilər keçirməyi, korrupsiyanı və talanı yığışdırmağı, demokratik siyasi sistem qurmağı tələb etmir…
Bəli, məsələ bundadır. 23 il keçməsinə baxmayaraq bizim hakimiyyət hələ də  cəmiyyətilə tam səmimi deyil, daha çox özünün cari siyasi maraqlarını güdür…
Deyirlər, hərbə və müdafiəyə xeyli vəsait ayırırıq. Biz də sevinirik! Deyirlər ki, hərbi – sənaye kompleksimiz var. Sevinirik!.. Deyirlər, Ermənistan çökür. Sevinirik! Bəli, sevinirik…
Bu hesabla indikindən daha güclü olmalı idik. Bu hesabla ilk fürsətdəcə Ermənistanı yarıcan etməli, onu ciddi şəkildə sarsıtmalı idik. Gəl, bu, olurmu? Hələ bu vaxta qədər bir məsələni həll edə bilməmişik – cəbhə xəttinin ən azı bir hissəsində düşməni yaşayış məntəqələrindən uzaqlaşdıra və təmas xəttini Qarabağın içərilərinə doğru çəkə bilməmişik…
Niyə belə olur? Səbəbi sadədir. Varlı olmaq hələ güclü olmaq demək deyil, gərək, bir az da fədakar və vətənpərvər, xüsusən də, doğrucul olasan. İndi nə baş verir? Təbii ki, daha 23 il bundan əvvəlki vaxt, Kəlbəcərin işğal olunduğu keçmiş aprel günləri deyil, azacıq güclənmişik. Amma bu 23 il ərzində orta hesabla daha çox güclənməli idik…

Bilirsiniz, elə məqamlar var ki, adam onlar demək istəmir, çünki bu, milli ruha təsir edə bilər. Amma hamının bildiyi şeyləri dilə gətirməkdən niyə ehtiyat edirik? Bu yaxınlarda keçmiş Milli Təhlükəszilik Nazirliyi ətrafında baş verən proseslər göstərdi ki, bizim rahat yatmaq haqqımız yoxdur…
Ona görə ki, müharibə aparan ölkənin təhlükəsizlik strukturu o qədər deqradasiya etmiş və o qədər aşınmışdı ki, rahat yatmaq haqq – hüququmuz qalmamışdı. Elə bu səbəbdən də bir daha deyirəm ki, varlı olmaq hələ güclü olmaq demək deyil.
Bəli, demək olar ki, hökumət bu işin üstünü açdı, həmin strukturları yenidən qurmağa başladı. Tamam düzdür, amma bu illər ərzində bizim təhlükəsizlik və müdafiə sistemimizə nə qədər ziyan dəydi!?.
Ona görə də gəlin hər qəpiyimizin qədrini-hesabını bilək, hərbə, müdafiəyə, təhlükəsizliyə ayrılan hər qəpiyə müqəddəs kimi baxaq. Onda elə həqiqətən də güclü olarıq…