İlham Hüseyn
Əliyevin ABŞ səfərindən səhv nəticə çıxaranlara xatırlatma
Masqası cırılanlar, cəmiyyətdə hörmətdən düşənlər, keçmişinə xəyanət edənlər yenə də qələmə sarılıblar. Bəli, səngərdənqaçanlar indi də İlham Əliyevin ABŞ səfərindən sallaşaraq, öz aləmlərində müxalifətə acıq verirlər. Guya, İlham Əliyevin ABŞ səfəri, Obama ilə şəkil çəkdirməsi müxalifətin təbliğatını iflic edib, AXCP-ni, Milli Şuranı sarsıdıb.
Başa düşürük ki, hökumətə pərçim olunmaq üçün daha bir “nəfəslik” yaranıb və bu deşikdən yararlanmaq istəyirlər. Amma bu medal aşiqlərinə, hökumət sevdalılarına yaxın keçmişi bir daha xatırlatmağa ehtiyac var.
Bu gün bir qrup siyasi məhbusun azadlığa çıxması, QHT-lərə qarşı münasibətin yumşaldılması, İlham Əliyevin ABŞ-da demokratiya mesajları verməsi ölkədəki demokratik qüvvələrin qələbəsidir. Uzun illərdi Azərbaycan müxalifətinin hakimiyyətdən tələbi nə olub? Hakimiyyətə hansı çağırışlar edilib? Müxalifətin tələbi “Siyasi məhbusları azad edin”, “QHT-lərə qarşı düşmənçiliyə son qoyun”, “Avropaya, ABŞ-a qarşı kampaniya aparmağı dayandırın”, “Ölkəni sanksiyalarla üz-üzə qoymayın” olub.
Bu mənada siyasi məhbusların bir hissəsinin azadlığa çıxmasını və digər kövrək addımları müxalifətin uğuru kimi qiymətləndirmək olar. Əgər demokratik düşərgə dirəniş göstərməsəydi, Azərbyacan reallıqlarını dünyaya çatdırmasaydı, hökumət geriyə addım atmazdı.
Bəli, kimlərsə siyasi məhbusları “problemli məhbus” adlandıranda, Batumidə onların şəklini cıranda, “Kerinin kabinetində anti-Azərbaycan şəbəkəsi fəaliyyət göstərir” təbliğatı aparanda, demokratik düşərgə bunun yanlış olduğunu bildirib. Hər addımda hakimiyyətdən Qərbə inteqrasiya tələb olunub. Hər dəfə də vurğulanıb ki, repressiyalar, anti-Qərb təbliğatı uzun sürə bilməz və hökumət ölkəni fəlakətə sürükləyir. Yəni, demokratik düşərgənin proqnozları da özünü doğruldub.
Təbii ki, hökumətin Qərblə münasibətləri isitləşdirmək niyyəti həm də mövcud vəziyyətlə bağlıdır. Yəni, neftin qiymətdən düşməsi, sosial-iqitisadi vəziyyətin ağırlaşması, valyuta ehtiyatlarının azalması və s. hökuməti istiqamət dəyişməyə məcbur edib. Amma daxildə demokratik düşərgənin təzyiqləri, ardıcıl mübarizəsi, yorulmaz fəaliyyəti olmasaydı, hökumət Qərbə başqa “azuqə” ilə gedəcəkdi. Ən azından manevrləri davam etdirəcəkdi. Demokratik düşərgə isə masqaları cırmaqla həm dünyanı, həm də hakimiyyəti fakt qarşısında qoydu.
Amma bu gün müxalifəti virtuala köç etməkdə ittiham edənlər, şərin, yalanın, ədalətislziyin çadırına köç etdilər. Hətta özlərində cəsarət tapıb, şərlənərək həbs olunmuş insanalrın fotoların qəzetlərində tirajlaya bilmədilər. Bəli, bu gün Obama ilə şəkil çəkdirməyi “arxandayıq” mesajı kimi təqdim edənlər, uzun müddətdir ki, həqiqətin arxasından qaçıblar.
Demokratik düşərgə isə bundan sonra da eyni əzmlə mübarizəni davam etdirəcək. Çünki, hələ də siyasi məhbus məsələsi gündəmdədir, korrupsiyanın, monopoliyanın kökü kəsilməyib, seçkilər saxtalaşdırılır, söz azadlığına basqılar var və s.
Birdə ki, müxalifətin bundan sonra dili daha da uzun olacaq. Çünki ölkədə siyasi məhbusların olduğu, vətəndaş cəmiyyətinə basqılar, hüquqsuzluq rəsmən etiraf edildi. Aydın göründü ki, “vergidən yayınan”, “Vətən xaini”, “xuliqan”, “iğtişaş törədən” kimi təqdim edilən adamların heç bir günahı yox imiş.
Ona görə də mətbuatın AzTV-si rolunu oynayanlar, sakitliyə riayət etsinlər. Onsuz da Oğuz elində “ad” çıxarıblar. Ləyaqətlə mübarizə aparanları xalqın yaddaşından silməyə qadir deyillər. Ən yaxşı halda sinələrinə taxdıqları medalın tozunu silə bilərlər.