Nurçu təriqətini yaymaqda təqsirləndirilərək həbs olunan şəxslər barələrində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamasına baxmayaraq, Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə həmin cinayət işi üzrə təqsirləndirilən 5 nəfərdən dördünün – Eldəniz Hacıyev, Şahin Hacıyev, İsmayıl və Zəkəriyyə Məmmədov qardaşlarının vəkili Əshabəli Mustafayev məlumat yayıb. Müdafiəçi bu addımın qanunsuz olduğunu bildirir.
Vəkilin sözlərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda dustaqların köçürülməsini istintaq təcridxanasında yer olmaması ilə əsaslandırıblar: «Ədliyyə Nazirliyi və istintaq təcridxanası ilə telefonla danışdım. Deyirlər ki, dustaqları saxlamağa yer çatışmır, ona görə də cəzaçəkmə müəssisəsinə göndəririk. Bu tutulan şəxslər yalnız dini məzmunlu kitablar oxuduqları üçün məhkum olunublar. İnsanlar heç bir cinayət törətmədiyi halda məhkum olunurlar, sonra da kamera çatışmır və yenə də qanunu pozaraq, onları hökm qüvvəyə minməmiş cəzaçəkmə müəssisəsinə göndərirlər».