Britaniya mediası Əliyevi siyasi məhbusların bir qismini azadlığa buraxmağa məcbur edən səbəblərdən yazır
“The Economist”: “Əliyevin adətən xarici tənqidciləri satın almaq məqsədilə istifadə etdiyi “kürü diplomatiyası” üçün pulu azalıb və buna görə də başqa bir variant tapmaq lazım idi…”
Azərbaycanda həbsdə olan siyasi məhbusların bir qisminin azadlığa çıxması xarici mediada da müzakirə mövzusudur. İngilis analitiklər hesab edir ki, İlham Əliyev bu addımı atmağa məcbur olub. Bu barədə Böyük Britaniyanın “The Economist” jurnalı “Azərbaycanda 14 dissdent azadlığa buraxıldı, qalanları isə həbsdədir; Neftlə zəngin ölkənin diktatura rejimi Vaşinqton sammiti ərəfəsində öz imicini təmizləməyə çalışır” başlıqlı məqalədə yazır. Məqalənin tərcüməsini təqdim edirik:
Azərbaycanın avtoritar prezidenti İlham Əliyevin martın 17-də Novruz bayramı münasibətilə imzaladığı əfv fərmanı bu ölkənin vətəndaş cəmiyyəti üçün nadir hallarda olan yaxşı xəbərlərdən biridir. Əfv fərmanı ilə azadlığa buraxılan 148 nəfərdən 14-ü siyasi məhbuslar idi. Bakıda bu əfvin səbəblərilə bağlı müzakirələr gedir. Siyasi məhbusların azadlığa buraxılması beynəlxalq təzyiqlərin nəticəsi idimi? Bəlkə prezident martın 31-də Vaşinqtona planlaşdırılan səfər öncəsi özünün neqativ rekordunu təmizləməyə çalışırdı? Xaricilər hesab edir ki, onların apardığı kampaniya nəticə verdi. Lakin yerli müşahidəçilər baş verənləri dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının nəticəsi hesab edirlər. Azərbaycanın əsas gəliri neft ixracındandır. Onların fikrincə, Əliyevin adətən xarici tənqidciləri satın almaq məqsədilə istifadə etdiyi və “kürü diplomatiyası” adlandırılan üsuldan yenə də yararlanmaq üçün pul azalıb. Buna görə də başqa bir variant tapmaq lazım idi.
Əfv fərmanının ertəsi gün azadlığa çıxan fəallar dostları, həmkarları ilə birlikdə toplaşıb, görüşdülər. Tanınmış seçki müşahidəçisi olan Anar Məmmədli təxminən iki il həbsdə saxlanıldı. O, azadlığa buraxılmasını mənzilində ailə üzvlər, jurnalistlər və keçmiş siyasi məhbuslarla birlikdə qeyd etdi. İnsan haqları müdafiəçisi Rəsul Cəfərov bir il səkkiz ay həbsdə qalmışdı. Bakının digər ərazilərindəki ayrı-ayrı evlərdə Müsavat başqanının müavini Tofiq Yaqublunun, iki il əvvəl Tiürkiyədən deportasiya olunub Bakıda “casusluq” ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirovun və digərlərinin azadlığa buraxılması qeyd olunurd
Seçkilərin Mənitorinqi Mərkəzinin rəhbəri, hazırladığı hesabatlar beynəlxalq müşahidəçilər tərəfindən tez-tez istifadə olunan Anar Məmmədli azadlığa buraxılmasına görə sevinclidir. Lakin fəaliyyətinin bərpası baxımından bədbindir: “Bizim fəalların böyük əksəriyyəti ölkəni tərk etdiyi və ya daha təhlükəsiz iş yerləri tapdığı halda, QHT-lərin fəaliyyətinə qanunvericilik səviyyəsində məhdudiyyətlər tətbiq olunduğu, xarici donorlardan maliyyə almağın qanunsuz hesab olunduğu bir şəraitdə mən bu işi necə davam etdirə bilərəm?”
İnsan Haqları Klubunun rəhbəri olan 31 yaşlı Rəsul Cəfərov daha nikbin idi. O, iyunun 17-dən 19-na qədər Bakıda keçiriləcək “Formula-1” yarışları ərəfəsində insan haqları ilə bağlı tədbir keçirməyi planlaşdırır. Onun azadlığa buraxılmasından cəmi bir neçə saat əvvəl Avropa Məhkəməsi Rəsul Cəfərovun həbsinin qanunsuz olması barədə qərar verib və buna görə Azərbaycan hökumətinin üzərinə ona 32 min avro kompensasiya ödəmək öhdəliyi qoyub.
Adları azadlığa buraxılanlar arasında olmayan dissidentlərin ailələri üçün əfv fərmanının imzalandığı gün ağır gün idi. REAL hərəkatının sədri İlqar Məmmədovun həftədə iki dəfə telefon zənglərini gözləyən həyat yoldaşı və qızının ümidləri özünü doğrultmadı. Şəhərin başqa bir hissəsində araşdırmaçı jurnalist Xədicə İsmayılın anası və bacısı onun yanına həbsxanaya aparmaq üçün yemək hazırlayırdılar. Əliyev və ailəsinin əmlakı ilə bağlı araşdırmalar aparan Xədicə İsmayılova israf etmə, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edildi.
Azərbaycanda siyasi məhbusların əksəriyyətinin hüquqlarını müdafiə etmiş vəkil İntiqam Əliyev özü də 2014-cü ilin avqustundan siyasi məhbusdur. O da əfv siyahısından kənarda qaldı.
İlqar Məmmədovun xanımı deyir ki, hakimiyyət onun həyat yoldaşıın mübarizə ruhunu sındırmaq, əfv ərizəsi yazmağa məcbur etmək istəyir. O, hesab edir ki, hakimiyyət istədiyinə nail olmayacaq. Xanımının yeganə qorxusu budur ki, onlar İlqar Məmmədovu fiziki baxımdan məhv edə bilərlər. Avropa Məhkəməsi hələ 2014-cü ildə İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə qərar çıxarıb. Yaxın vaxtlarda İntiqam Əliyev və Xədicə İsmayılova haqda da qərarların elan olunacağı gözlənilir. Şübhə yoxdur ki, onların da həbsinin qanunsuz olması təsdiqlənəcək.
“Mənim övladım heç bir pis iş görməyib” – Xədicə İsmayılovanın anası Elmira İsmayılova belə deyir. O, qızının vəkili Amal Kluni ilə daimi əlaqədədir, həmçinin Xədicənin jurnalist həmkarları ilə də “facebook”da dost olub.
Bakının ən yaxşıları hələ də dəmir barmaqlıqlar arxasındadır. Ancaq onlar geri çəkilmirlər. İntiqam Əliyev həbsxana kamerasından da vəkillik fəaliyyətini davam etdirir. Həmçinin İlqar Məmmədov da bloqunun fəaliyyətini dayandırmayıb. Xədicə İsmayıl isə opera ariyaları oxuya-oxuya Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” kitabını Azərbaycan dilinə tərcümə edib.