İran 2001-ci il 11 sentyabr habisəsi üçün 10,5 milyard dollar ödəməlidir

Nyu-York məhkəməsinin qərarına əsasən, İran 2001-ci il 11 sentyabr hadisələrində həlak olmuş insanların ailələrinə və sığorta şirkətlərinə 10,5 milyard dollar məbləğində kompensasiya ödəməlidir. Bu barədə Trend “Bloomberg” agentliyinə istinadən xəbər verir.загружено (5)

Qərara görə, terror aktları nəticəsində həlak olmuş şəxslərin ailələrinə 7,5 milyard, ödəmələri həyata keçirən sığorta şirkətlərinə isə 3 milyard dollar verilməldir.

Daha əvvəl Nyu-York məhkəməsi qərar qəbul edib ki, 11 sentyabr hadisələrinin təşkilində terrorçulara yardımçı olmadığını sübut etmədiyindən rəsmi Tehran vurulan ziyana görə məsuliyyət daşıyır.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox insan həlak olub.