Martin Şults: “Avropa Azərbaycanı özünə yaxın saxlamalıdır”
Avropa İttifaqı Belarus və Azərbaycanı “bir qonşu və partnyor” olaraq öz orbitində saxlamalıdır. Bu barədə Avropa Parlamentinin sədri Martin ŞultsAzadlıq Radiosunun Brüssel müxbiri ilə söhbətində bildirib.
Belarus prezidenti Aleksandr Lukaşenkonun üzərindən Avropa sanksiyalarının qaldırılması barədə suala cavab verərkən cənab Şults deyib ki, şəxsən onun Lukaşenkoya münasibəti, ümumilikdə yaxşı deyil və buna səbəb Belarus prezidentinin 22 yaşlı gənc müxalifətçi barədə çıxarılmış ölüm hökmünü təsdiq etməsi olub.
Ölüm hökmü Belarusda hələ də ləğv edilməyib və son edam 2014-cü ilin əvvəllərində icra olunub. Əslində Belarus ölüm hökmlərinin icrasını davam etdirən yeganə Avropa ölkəsi olaraq qalır.
“Azərbaycan və Belarus doğrudanmı Avropa dəyərlərini bölüşürlər” sualına AP sədri ümumi siyasət kontekstində cavab verib. O, Almaniyanın keçmiş xarici işlər nazirlərindən birinin sözlərini sitat gətirib: “Biz əgər yalnız tam yetkin demokratiyalarla münasibət qursaydıq, onda mənim nazirliyim mənim mənzilimə yerləşə bilərdi”.
Martin Şults bildirib ki, istər Belarus, istərsə də Azərbaycan barədə Avropa İttifaqının siyasəti bu iki ölkəni həm qonşu, həm də partnyor olaraq yaxın saxlamaq olmalıdır. Şults Almaniya Federativ Respublikasının kansleri Villi Brandtdan (1969-1974) sitat gətirərək deyib ki, Avropa Şərqlə yaxınlaşma prosesində onu təsirləndirməyə çalışmalıdır.
AP sədrinin fikrincə, Azərbaycan hakimiyyətinə təlqin edilməlidir ki, istər fərdi azadlıqlara, istərsə də demokratik azadlıq və prinisplərə hörmət göstərilməlidir.