Bu gün Elmar Hüseynovun qətlindən 11 il keçir. Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil 11 il əvvəl Elmar haqqında yazdıqları Facebook səhifəsində bir daha paylaşıb:
“Elmar Hüseynovun qətlindən sarsılmışam. Bu dəhşətli xəbər məni xaricdə yaxaladı və Elmarı son mənzilə yola sala bilmədiyimə görə çox təəssüf edirəm. Bu dəhşətli cinayət nifrət və qəzəb doğurur. Yəni doğrudan da kimsə düşünür ki, bu yolla şəxsiyyəti məhv etmək olar?! Çünki Elmar dəyişiklik arzusunda olan böyük şəxsiyyət idi.
Elmarla şəxsi tanışıqlara qədər onu “Monitor”dakı böyük maraqla oxuduğum məqalələrindən yanıyırdım. Elmarla şəxsən 2003-cü il prezident seçkilərindən sonra tanıdım. O vaxtdan ara-sıra görüşürdük. Ona insan və jurnalist kimi hörmət edirdim. Onunla sonuncu maraqlı söhbətimiz ölümündən bir qədər əvvəl oldu. Onda kim düşünərdi ki, onu namərdcəsinə qaranlıq pilləkəndə güllələyəcəklər? Elmar isə həmişə üz-üzə, mərd və fədakarlıqla demokratik dəyərlər, insan hüquq və azadlıqları uğrunda mübarizə aparırdı, bütün dövlət və ictimai işlərdə ədalət, qanunilik və düzgünlük uğrunda vuruşurdu.
Elmarın ölümü – onun yaxınları və dostları üçün ağır dərd və itkidir. Ancaq qatillər Azərbaycana da ağır zərbə vurdu, çünki Azərbaycanın Elmar Hüseynov kimi söz azadlığı müdafiəçisinə çox ehtiyacı var idi və indi də var.
Elmar Hüseynov vətənini çox sevirdi və Azərbaycanın demokratik dövlət olmasını istəyirdi. Məqalələrində o hakimiyyət strukturlarında korrupsiya və sui-istifadə hallarını sərt tənqid edirdi. Buna görə də təqib olunurdu. O passivliyinə və birləşə bilməməsinə görə müxalifəti də tənqid edirdi.
Elmar Hüseynovun Azərbaycanda söz azadlığı və demokratiya uğrunda mübarizədə xidmətləri son dərəcə çoxdur. Onun qatilləri kimə əl qaldırdıqlarını bilirdilər. Çünki Elmar Hüseynov ən cəsuz və prinsipial jurnalistlər sırasında idi. Belələrini öldürə bilərlər və öldürürlər, ancaq onların xatirəsi və əməlləri yaşayacaq”.