Taleh Bağırzadə ona verilən işgəncələrdən danışıb

скачанные файлыİlahiyyatçının məhkəməsi keçirilib

“Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadə dünən məhkəmədə ötən il noyabrın 26-da həbs olunandan bəri məruz qaldığı işgəncələrdən danışıb. Bu barədə “Azadlıq”a ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, dünən Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə Taleh Bağırzadə ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılıb. Şikayətdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Taleh Bağırzadəyə işgəncə verilməsi, onun müdafiə hüququnun pozulması, vəkili ilə görüşünə, konfedensial ünsiyyətinə imkan verilməməsi, ailə üzvləri ilə telefon əlaqəsinə qadağa qoyulması, evdən gətirilən sovqatın, hətta paltarların belə, qəbul edilməməsi kimi məsələlər öz əksini tapıb.

Ötən məhkəmə iclasında Cavad Cavadov prosesdə Taleh Bağırzadənin özünün də iştirakının təmin olunmasını istəmişdi. Qapalı keçirilən dünənki məhkəmə iclasında ilahiyyatçı özü də iştirak edib. Cavad Cavadov onun məhkəmədə çıxışında işgəncələrdən danışdığını bildirsə də, konkret nə danışdığı barədə məlumat verməyib. Vəkil bildirib ki, məhkəmənin qərarı məlum olandan sonra ictimaiyyəti bu barədə ətraflı məlumatlandıracaq.

Hələ də ailəsilə danışmasına imkan verilmir

Qeyd edək ki, hakim Babək Pənahov bu şikayət üzrə qərarını fevralın 9-da açıqlayacaq. Vəkil məhkəməyə şikayətində Taleh Bağırzadənin hüquqlarının pozulması hallarının aradan qaldırılması, pozuntuya yol verənlərin məsuliyyətə cəlb olunması barədə qərar çıxarılmasını xahiş edib.

Cavad Cavadov onu da qeyd edib ki, Taleh Bağırzadə artıq “bandotdel”də deyil, o, Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülüb. Buna baxmayaraq, onun hüquqları pozulmaqda davam edir.

“Taleh Bağırzadənin hələ də ailə üzvlərilə telefon əlaqəsi saxlamaq, görüşmək hüququ təmin olunmur. Yenə də əvvəlki kimi, hətta yaxınlarının gətirdiyi sovqatı da qəbul eləmirlər”, – deyə Cavad Cavadov bildirib.

Xatırladaq ki, Taleh Bağırzadə ötən il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində 7 nəfər dünyasını dəyişib. Həmin gün və ondan sonra bu iş üzrə ümumilikdə 68 nəfər həbs olunub.