Məlumdur ki, Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb. Bununla bağlı ötən gün Qafqaz Media Tədqiqatlar Mərkəzi İctimai Birliyinin ofisində axtarış aparılıb. Prokurorluq əməkdaşları ictimai birliyə və onunla eyni hüquqi ünvanda yerləşən Kanal13 internet televeziyasına məxsus komputerləri və digər texniki avadanlıqları müsadirə ediblər. Kanalın direktoru Anar Orucovun isə ölkədən getdiyi bildirilir.
Kanaldan verilən digər məlumata görə bu ilin iyunun 18-də Nəqliyyat Nazirliyinin iki müfəttişi tərəfindən döyülən və çəkiliş apardığı zaman kamerası sındırılan Kanal 13 TV-nin əməkdaşı Vüqar Ismayilov Tovuz polisi tərəfindən saxlanılaraq, həbs olunub. Hadisə yerində çəkiliş aparan zaman nəqliyyat müfəttişləri tərəfindən döyüldükdən sonra, Baş Prokurorluğa, DİN rəhbərliyinə və ölkə başçısına müraciət edən jurnalistin şikayətinə baxılmayıb. Əksinə, onun həbsi reallaşdırılıb. Məlumata görə, Vüqar İsmayılovun həbsi bir müddət əvvəldən planlaşdırılıbmış. Belə ki, Tovuz rayonunun problemləri barədə mütəmadi məlumatlar yayan jurnalistin artıq çoxları üçün başağrıya çevrildiyi bildirilir. Qeyd edilir ki, Vüqar İsmayılovun həbs edilməsini istəyən əsas şəxs isə rayonun icra başçısı Tofiq Zeynalov olub. Rəhbəri olduğu rayon haqqında “neqativ” məlumat yayan bir jurnalistin Tovuzda fəaliyyət göstərməsi ona “sərf etmirmiş”.