AXCP fəalı, hal-hazırda mühacirət həyatı yaşayan Valeh Bayramlı ilə müsahibə

valeh 2…Məhz Ə.Kərimlini sıradan çıxarmaq üçün hakimiyyət daim yeni planlar üzərində işləyir. Ona görə ki, Ə.Kərimli kifayət qədər bacarıqlı, siyasi prosesləri analiz edə biləcək qətiyyətli bir siyasi liderdir.

Valeh bəy, sizcə ölkədə ümumi ictimai-siyasi vəziyyət necədir?

– Ölkədə vəziyyətin necə olması göz qabağındadır. Yəni, əsas müxalifət sayılan siyasi qüvvələrin seçkilərdə iştirak etməməsi, demokratik təsisatların ölkəni tərk etməsi, o cümlədən 1 noyabrda keçirilmiş seçkiləri müşahidə etməmələri və bu azmış kimi hakimiyyətin oyuncaq parlament seçkiləri keçirməsi beynəlxalq aləmdə çox gülünc görünür. Üstəgəl hamının gözlədiyi kimi əvvəlki parlament üzvlərinin yenidən Milli Məclisə təyin olunmaları fikrimizi daha da qüvvətləndirir. Cəmil Həsənlinin əvvəlcədən təqdim etdiyi siyahının təsdiq olunması tam mənzərəni gözümüz önünə canlandırmağa imkan verir.

Necə fikirləşirsiniz Sizcə hakimiyyətin bu addımları daha çox nəyə hesablanıb?

– Daxili siyasətdə hakimiyyət daha çox müxalifəti tamamilə və cismani sıradan çıxarmaq istəyir. Burada mən deyərdim proseslər daha çox Azərbaycan Xalq Cəbhəsi Partiyasının və onun lideri Əli Kərimlinin ətrafında cərəyan edir. Fikir verirsinizsə, son illər baş verən siyasi iyrəncliklər və siyasi hoqqalar daha çox Əli Kərimliyə yönəlik addımlardır. Götürək elə son Razi Nurullayev macərasını. Məhz Ə.Kərimlini sıradan çıxarmaq üçün hakimiyyət yeni planlar üzərində daim işləyir. Ona görə ki, Ə.Kərimli kifayət qədər bacarıqlı, siyasi prosesləri analiz edə biləcək qətiyyətli bir siyasi liderdir. Demək olar ki, hakimiyyət Ə.Kərimli və onun tərəfdarlarını həbslərə atır, siyasi fəaliyyətini məhdudlaşır. Eyni zamanda Ə.Kərimlinin komandası hakimiyyətin qurduğu “demokratiya” torbasına da düşmədi. Diqqət yetirsəniz görərsiniz ki, kimlərsə seçkidə iştirak etdilər və uduzdular, “Müsavat” partiyası seçkilərə bir neçə gün qalmış seçkidə iştirakdan imtina etdi və s. Amma əvvəlcədən seçkidə iştirak etməmək qərarı son nəticədə nə qədər düzgün qərar verildiyini göstərdi. Beləliklə də hakimyyətin qurmaq istədiyi “demokratya” tələsi o qədər də yaxşı işləmədi.

Azərbaycanda siyasi proseslərin gələcəyini necə görürsünüz?

– Mən hesab edirəm ki, hakimiyyət nə qədər özünü hegemon aparsa da, əslində siyasi fiaskoya daha çox yaxınlaşır. Çünki, atılan addımların qəddar, amansız və həm də gülünc olması əslində bu hakimiyyətin nə edəcəyini bilməməsi anlamına gəlir. Təsəvvür edin ki, Azərbaycan Xalq Cəbhəsinin fəalları həbs edilir, Asif Yusifli Qarabağ qazisidir və ictimaiyyətçidir. R.Nurullayevin hansı maraqla bu addımları atmasl isə göz qabağındadır. Deməli hakimiyyət yaxın gələcək üçün özünə potensial rəqib Azərbaycan Xalq Cəbhəsini görür və Əli Kərimlinin komandası bu prosesdə ən güclü siyasi qüvvə sayılır.

 

Tariyel Bayramlı