Sərhədsiz Reportyorlar: “Avropa Oyunlarınacan həbsdəki jurnalistlər azad edilsin”

xedice-ismayil-0002“Sərhədsiz Reportyorlar” jurnlaistləri müdafiə təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan jurnalist və bloqqerləri Avropa Oyunları başlayana qədər azad etməyə çağırıb.

Təşkilat Avropa Olimpiya Komitəsini jurnalistlərə qarşı repressiyaları pisləməyə səsləyib.

“Özünü böyük idman tədbirinin sahibi kimi təqdim edən Azərbaycan hakimiyyətinin jurnalistləri tənqidi fikirlərinə və araşdırmalarına görə təcrid etməsi yolverilməzdir”, – təşkilatın Almaniya üzrə icraçı direktoru Christian Mihr bildirib.

O deyib ki, “Avropa Olimpiya Komitəsi Azərbaycan hakimiyyəti ilə əlbir olmamalı, Avropa Oyunları ərəfəsində mətbuata qarşı repressiyaları pisləməlidir”.

Təşkilat bildirir ki, hazırda Azərbaycanda azı 8 jurnalist və bloqçu həbsdədir. Həbslər, repressiyalar və iqtisadi təzyiqlər onsuz da az olan müstəqil və müxalifət KİV-nin işini çətinləşdirir:

​“Son repressiya dalğasına məruz qalanlar sırasında media hüquqları ilə məşğul olan QHT-lər də var. Azərbaycanda siyasi məhbusların ümumi sayı 80 nəfərə yaxındır.

Həbsdə olan jurnalistlər arasında Rauf Mirqədirov, Xədicə İsmayılova, Seymur Həzi və başqaları var. Azərbaycanda tənqidçi KİV-lər ötən ilin yayından başlayan repressiyaların qurbanı olub.

Polis “Azadlıq” radiosunu bağlayıb, rus dilli “Zerkalo” qəzeti bağlanıb, “Azadlıq” qəzeti çox çətinliklə nəşr olunur. Qəzet böyük miqdarda cərimələrə məruz qalıb.

Eyni zamanda KİV-ə Dövlət Dəstəyi Fondunun çap orqanlarına ayırdığı vəsaitdən məhrum edilib”.

Bəyanatda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, Amerikanın İREX təşkilatının və İnsan Hüquqları Evinin də repressiya qurbanları olduğu, fəaliyyətilərinin dondurulduğu, bank hesablarına həbs qoyulduğu xatırladılır:

“RATİ-nin direktoru Emin Hüseynov onun ofisində axtarış aparıldıqdan və ölkədən çıxışına qadağa qoyulduqdan sonra İsveçrə səfirliyində gizlənməyə məcbur olub”.

Azərbaycan Sərhədsiz Reportyorların 2015-ci il mətbuat azadlığı indeksi üzrə hesabatında 180 ölkə arasında 160-cı yeri tutur.