Bir peşə var ki, uzaq keçmişdə qalsa da, onu hələ uzun müddət bəşəriyyətin nə yaddaşından, nə də dilindən silib atmaq mümkün olmayacaq. Bu sənət dəhşət və ölüm saçanların keyfiyyət nişanına çevrilib. Hələ də, haradasa, kimisə bu adla çağırırlarsa, demək ki, dünyada hər şey qaydasında deyil. Günahsız, dinc insanlar öldürülür, didərgin düşür, şəhərlər yerlə-yeksan olur, ata-anasını itirmiş 5 yaşlı körpə özündən kiçik qardaşına sarılıb ağlayırsa, istər-istəməz bu sözü pıçıldayırıq – CƏLLAD…
Əslində cəlladlıq qədim zamanlarda o qədər də qorxulu termin sayılmırdı, onu biz bu günə saldıq. Əsrlər boyu cəlladlar sadəcə hökmü icra edirdilər və boynunu vurduqları insanların bəlkə də yüzündən biri günahsız olurdu. Nə qədər qəribə olsa da, cəlladlar da cəmiyyətdə özlərinə yer tuta, nüfuz qazana bilmişdilər. Əzabsız, bir zərbə ilə işi bitirən, alətlərini həmişə iti saxlayan cəlladlar böyük nüfuz sahibi idilər.
Yazını bura qədər oxuyan, “nə əlaqəsi var?” deyən oxuculara səbr etdiklərinə görə təşəkkür edir və əsas məsələyə keçirəm.
Məsələ burasındadır ki, tarixdə analoqu olmayan rüşvətxor, bizim dildə desək, bir “korrupsioner” cəllad anlayışı da var. “Prosesin” mümkün qədər tez və yaxşı itilənmiş alətlə yerinə yetirilməsi üçün onlar edama məhkum edilənlərin yaxınlarından rüşvət alırdılar…
Yuxarıdakı mənzərə ilə bugünkü Azərbaycan reallığı birbaşa uyğunluq, analoq olmasa da, nə yazıq ki, acizanə tələb və gözləntilərin mahiyyəti eynidir. Nə qədər kədərli olsa da, xalq bu gün rejimdən pislərin içərisindən ən yaxşısını seçməsini arzu edir. Ədalətsiz qərara etiraz etmək əvəzinə, onun icrası prosesindəki humanist məqamlarla təsəlli tapmağa çalışır. Armud keçən illə müqayisədə bu il 30 qəpik ucuzdursa, ona sevinir. Yaxud da əksinə, gilas keçən ilə nisbətən bu il bir manat baha olubsa, gilasın keçən ildəki qiymətinə sevinir…
Nə qədər kədərli olsa da, qeyd etməliyəm ki, Azərbaycanda gilasın qiymətinə olan maraq, Milli Məclisə keçirilən seçkilərə olan maraqdan daha güclüdür. Kədərlidir, amma təəccüblü deyil. Bilirsinizmi niyə?
Əvvəla ondan başlamaq istəyirəm ki, sadə insanlar parlamentin nə demək olduğunu, onun başqa ölkələrin qanunvericiliyində və ümumiyyətlə, ölkənin taleyində oynadığı rolu gözəl dərk edirlər. Bununla yanaşı Azərbaycanda seçkilərin necə keçirildiyini də bilirlər. Azərbaycanda kimə mandat veriləcəyini bilmək üçün heç bir kəşfiyyata, ələ keçirilmiş məxfi siyahıya-filana ehtiyac yoxdur. Sadəcə rəsmi təbliğat başlanana qədər səbirli olmaq lazımdır. Elə ki rəsmi təbliğat başladı, hər şey aydın olur. Dairə ərazisində yerləşən bütün inzibati və insani resurslar həmin namizədin kampaniyasına cəlb edilir. Adam seçki təbliğatına artıq deputat kimi girir. Nə deyəcəksən ona, deyəcəksən səni o şərtlə seçirik ki… O da qayıdıb deyəcək ki, səndən xahiş edən var?.. Vəssalam.
Mənim üçün ən böyük sürpriz Zaqatala rayonundan Elşən Musayevin deputat seçilməsi olacaq. Onu hansı xidmətlərinə görə mükafatlandırması iqtidarın öz işidir, amma nəzərə almaq lazımdır ki, Milli Məclisdə birinci xanım başda olmaqla zərif cinsdən olan 20-yə deputat da olacaq, bu şəxsin orada olmasını heç bir məntiqə sığdıra bilmirəm. Səbəbini geniş açıqlamağa ehtiyac duymasam da, düşünürəm ki, onun son bir ildə yazdığı üfunət dolu məqalələrinin başlıqlarından ibarət “top-10″ hər şeyi deyir, buyurun…
1.”Bir aparıcı var. Yüz ilin fahişəsi….”
2.”Ay qız soyun, kimdir bizi burda tanıyan?”
3.”Öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlər…”
4.”Iftarı saunada sevgilisi ilə açan məmurlarımız…”
5.”Məşhur müğənnini gecəsi 10 minə Qar qız kimi çıxardanlar…”
- “Xalq artistini hotelə aparan məhşur molla bilirsinizmi kimdir?”
7.Öz arvadını nazir oğlu ilə cütləşdirən nurçu”
8.”Biqeyrətlik nurçuların heyətinə qəbul üçün qoyulan əsas şərtdir”.
9.”Avaraya baz, ailəcanlıya qaz deyirik”.
10.”Zamok”unu bağla, ayıb oluyor…”
Kifayətdir, məncə…
Işin ən ilginc tərəfi ondan ibarətdir ki, başda iqtidar olmaqla, bütövlükdə cəmiyyəti təhdid edən bu yazıların dərc olunduğu sayt, elə iqtidar bulağından su içir, redaktoru isə, bu seçkidə namizədlərin debatına moderatorluq edəcək. Bax belə…
Zaqatala əhlinə Allahdan səbr, Ramiz müəllimdən isə, anlayış diləyirəm…
Xaqani Əliyev