“Hər bir futbolçudan razı qaldım. Qələbə qazansaq da, rəqibin zəif yeri yox idi. Çox güclü komandaya qarşı oynadıq. Vacib üç xal əldə etdik”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Anderlext” üzərində qələbədən (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
Ardınca təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– İbrahim Şehiç son vaxtlar həddindən çox səhv edir. Bununla bağlı bir tədbir görmək fikriniz var?
– Bir insanın üzərinə çox getsək, o öz potensialını itirə bilər. Şehiçin sayəsində çox qələbələr qazanmışıq. Kimin səhvi olmur ki? Bu gün də Şehiç pis çıxış etmədi. Bəzi səhvlər oldu, ancaq üzərinə çox getmək lazım deyil.
– Deyəsən, bu rəqibə qarşı xüsusi hazırlaşmışdınız.
– Gördüyünüz kimi rəqib fiziki cəhətdən çox güclü idi. Ona görə də müdafiədə xüsusi taktikalardan istifadə etdik. Künc zərbələri üzərində daha çox işləmişdik.
– Sizcə, rəqib Bakıya çox arxayın gəldiyi üçün uduzdu, yoxsa “Qarabağ” onların oynamasına imkan vermədi?
– Biz ilk növbədə rəqibin qarşısını almalıyıq. İlk hissədə komandamız çox əziyyət çəkdi. Çünki topsuz daha çox oynadıq. Doxsan dəqiqə bu templə davam edə bilməzdik. Rəqib fiziki cəhətdən çox güclü idi. “Anderlext” kimi balanslaşdırılmış komanda nadir hallarda olur. Belə çətin oyunumuz olmamışdı. Hər halda biz də öz oyunumuz göstərdik.
– “Qarabağ” əvvəllər qrupa düşmək uğrunda mübarizə aparırdı. Bu uğurlu nəticələrdən sonra iştahanız artıbmı? Yəni artıq qrupdan çıxmağı hədəfləmisiniz?
– Reallığı demək lazımdır. Bu gün rəqiblərimizin hər biri bizdən üstündür. Ancaq istəklə nəsə etmək olar. Gördüyünüz kimi həyatda mümkünsüz heç nə yoxdur. Bizə bir qədər də zaman lazımdır ki, daha böyük uğurlar qazanaq.
– Son vaxtlar “Qarabağ” küncdən zərbələr zamanı qollar buraxır. Bunun qarşısını almaq üçün hansı işlər görürsünüz?
– “Mançester Siti” “Tottenhem”lə oyunda iki qolu künc zərbəsindən buraxdı. Yəni heç kim bu cür vəziyyətlərdən sığortalana bilməz. Bəli, qəbul edirəm ki, standart vəziyyətlərdə problemlərimiz var. Futbolçularımızın potensialı bu qədərdir. Ancaq bunun qarşısını almağa çalışırıq. Mümkün qədər künc zərbəsi yaratmamağa çalışırıq.