“Qəbələ” çətin səfərdə, “Qarabağ” evdə oynayacaq

thumb420_20151001004038220

Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək. Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ”la “Qəbələ” də qrupdakı növbəti oyununa çıxacaq.

“Qarabağ” doğma meydanda Belçika “Anderlext”i ilə qarşılaşacaq. “Qəbələ” isə səfərdə Rusiyanın “Krasnodar” klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 22:00-da start götürəcək bu oyun bitəndən az sonra, gecə yarısı 00:05-də də Qəbələ klubunun Rusiya təmsilçisi ilə dueli start götürəcək.

Xatırladaq ki, son Azərbaycan çempionu “Qarabağ” bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın “Rudar” klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə “Yanq Boyz”una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin ilk turunda İngiltərə “Tottenhem”i ilə qarşılaşan ağdamlılar həmin görüşdə məğlubiyyətlə üzləşib – 1:3.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan “Qəbələ” isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr “Apollon”una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi “Panatinaikos”u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Bölgə təmsilçisi qrup mərhələsindəki ilk oyununda da qənaətbəxş nəticə əldə etmişdi – Yunanıstan PAOK-u ilə doğma meydanda qolsuz bərabərliyə imza atmışdı.

Rəqiblərə gəlincə, “Qarabağ”ın bu dəfə qarşılaşacağı “Anderlext” Belçikanın ən nəhəng klubudur. Brüsseli təmsil edən klub 1908-ci ildə yaranıb. Hazırda kluba Roje Vanden Stok prezidentlik edir. Komandanın baş məşqçisi isə Besnik Hasidir. Albaniyalı mütəxəssis 2008-ci ildən bu klubda fəaliyyətdədir. 2014-cü ilədək baş məşqçi köməkçisi kimi işləmiş Hasi ötən ildən etibarən özü bu posta təyin olunub. Komanda ev oyunlarını “Konstant Vanden Stok” adına stadionda keçirir. Arena daxili yarışlar zamanı 28 mindən çox azarkeş tutur. Lakin beynəlxalq oyunlar zamanı yalnız 21 845 azarkeşi qəbul edə bilir. Belçikanın ən titullu klubu 33 dəfə ölkə çempionu olub. 9 dəfə Belçika kubokunun sahibi olmuş komanda 12 dəfə də superkubokun qalibi adını qazanıb. “Anderlext” beynəlxalq arenada da titullara sahibdir. Belə ki, 1976 və 1978-ci illərdə Belçika nəhəngi Kuboklar Kubokunun qalibi adını qazanıb. 1977 və 1990-cı illərdə isə bu turnirin finalına yüksəldiyi halda, məğlubiyyətlə üzləşib. 1983-cü ildə UEFA Kubokunun qalibi olan “Anderlext” 1984-cü ildə də bu turnirin finalında məğlub olub. 1976 və 1978-ci illərdə isə belçikalılar UEFA Super Kubokuna sahib çıxıblar. Son illərdə əvvəlki əzəmətini itirən “Anderlext” ötən mövsüm ölkə çempionatında 3-cü yeri tutub. Nəticədə, bu klub Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı əldə edib. Belçika birinciliyinin yeni mövsümündə “Qarabağ”ın rəqibi 5 qələbə qazanıb, 3 heç-heçə edib və 1 görüşdə də məğlub olaraq, 18 xalla 2-ci pillədə qərarlaşıb. Avroliqanın qrup mərhələsindəki ilk oyununda isə bu klub Fransa “Monako”su ilə doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.

“Krasnodar”a gəlincə, 2008-ci il fevralın 22-də yaranan komanda C qrupunun ən gənc klubu olsa da, artıq kifayət qədər avrokubok təcrübəsinə malikdir. 2009-cu ildə Rusiya I divizionunda oynamaq şansı qazanan, ilk cəhddə 10-cu, növbəti il 5-ci olan “Krasnodar” Premyer Liqa arzusunu gerçəkləşdirmək üçün əcnəbi mütəxəssisisə ehtiyac duyub. Bu üzdən serbiyalı Slavolyub Muslinlə anlaşılıb. Onun qarşısına Premyer Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyulsa da, komanda növbəti dəfə oynamadan yüksək dəstəyə keçib. İki klubun Premyer Liqada çıxışını dayandırması krasnodarlılar üçün şans yaradıb. Nəticədə onlar 2011-ci ildə elitada debüt edib. 2011/12 mövsümündə 9-cu, 2012/13 mövsümündə 10-cu olan klub Premyer Liqanın ortababına çevrilib. Bununla kifayətlənməyən rəhbərlik Muslini istefaya göndərib, Oleq Kokonovla anlaşıb. 2013/14 mövsümündə 5-ci olan komanda kubokun finalınadək irəliləyib. Onlar həlledici qarşılaşmada “Rostov”a penaltilər seriyasında uduzub. Avropa Liqasında debüt şansı qazanan komanda İspaniya “Real-Sosyedad”ı kimi rəqibi də mübarizədən kənarlaşdırıb qrup mərhələsinədək irəliləyib. Burada isə “Krasnodar” 3-cü olub. 2014/15 mövsümündə Premyer Liqanı da 3-cü yerdə tamamlayan Kononovun yetirmələri çempionatda ilk medalına sahib çıxıb. Yenidən Avropa Liqasına yüksələn krasnodarlılar ikinci dəfə çıxış edəcəyi qrup mərhələsinədək Slovakiya “Slovan”ı (2:0, 3:3) və Finlandiya HİK-inə (5:1, 0:0) qalib gəlib. İnşa olunan yeni stadionunda tamamlama işləri aparılan klub yarandığı gündən ev oyunlarını şəhərin digər arenası – 35200 tamaşaçı tutumuna malik “Kuban”da keçirir. “Krasnodar” Rusiya Premyer Liqasının yeni mövsümündə elə də uğurlu çıxış etmir. Komanda keçirdiyi 10 oyundan yalnız üçündə qalib gəlib, dörd dəfə heç-heçə edib, qalan üç matçda uduzub və hazırda 13 xalla 9-cu pillədə qərarlaşıb. Avroliqanın qrup mərhələsindəki ilk oyununda isə bu klub səfərdə Dortmund “Borussiya”sına 1:2 hesabıyla uduzub.

Göründüyü kimi, təmsilçilərimizin hər iki rəqibi ciddi komandalardır və “Qarabağ”la “Qəbələ”nin uğur qazanması çox çətin olacaq. Qəbələlilərin səfərdə ən azı heç-heçə etməsi də günün sensasiyalarından sayıla bilər. “Qarabağ”dan isə gözləntilər daha çoxdur. Qrupdan çıxmaq yolunda Qurbanovun futbolçuları qrup mərhələsindəki ilk ev oyunundan mütləq qalib ayrılmalıdırlar. Hər halda doğma azarkeş amili də bu baxımdan komandamız üçün əlavə üstünlük sayıla bilər.

Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 13.875 reytinq xalı var ki, onun da 3.375 xalı cari mövsümdə qazanılıb (“Qəbələ” – 1.375, “Qarabağ” – 1.000, “İnter” – 0.750, “Neftçi” – 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Ayrıca götürsək, “Qarabağ” 12.275 xalla klub sıralamasında Avropanın 128-ci, “Qəbələ” isə 5.025 reytinq xalı ilə 257-ci komandasıdır. Rəqiblərə gəlincə, “Anderlext” 44.000 xalla 38-ci, “Krasnodar” da 15.816 xalla 104-cüdür.

Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. “Qəbələ”nin qrupunda Dortmund “Borussiya”sı (Almaniya) səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq. “Qarabağ”ın yer aldığı qrupda isə Fransa “Monako”su İngiltərə “Tottenhem”i ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
2-ci tur

1 oktyabr

J qrupu

22:00. “Qarabağ” – “Anderlext”
Baş hakim: Oliver Draxta (Avstriya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

C qrupu

00:05. “Krasnodar” – “Qəbələ”
Baş hakim: Marçin Borski (Polşa).
Krasnodar. “Kuban” stadionu.

 

Elnur ORUCLU