Qarabağ zəfərinin başlanğıc nöqtəsi – 2003-cü il! Hər şey biz istəyən kimi olmadı, bizə lazım olan kimi oldu

Təcrübəli və çətin rəqiblərinə qarşı 2003-cü ildəki Bakı döyüşü…
‘’Vətən və Qarabağ naminə’’, üstəlik də nəyin bahasına olursa-olsun, iqtidara gəlmək istəyən ‘’Bizim Azərbaycan’’ bloku.
O zamana görə böyük siyasi blok, usta və nəhəng siyasətçilər…
Meydan və milli azadlıq hərəkatını yönəltmiş…
İqtidarlar yıxmış, özü küçədən iqtidara gəlməyi bacarmış…
Müharibə və məğlubiyyətlər görmüş…
Zamandan və tarixdən böyük dərslər almış, dirənişçi ruhlu, siyasi ulduzlardan ibarət bir komanda…
10 il hazırlıqlardan sonra 2003-cü ilin oktyabr seçkilərini fürsət bilib….
Həmin seçkinin nəticələrini qeyri-legitim elan edib, Bakı küçələrində üsyana qalxmışdı(q).
Nə istəyirdi(k)?
Bəsit bir şey…
YAP hakimiyyətini və seçkilərdən faktiki olaraq 1-ci çıxmış İlham Əliyevi devirmək istəyirdi(k).
Nə yolla olursa-olsun.
Nəyin bahasına olsa da…
Liderlərimiz də söz vermişdilər; ‘’3 öpüb, 1 dişləyib’’ and içmişdilər – yanımızda və önümüzdə olacaqdılar…
Heydər Əliyev səhhəti səbəbindən siyasi səhnədən çəkilmişdi…
İllərlə gözlədikləri, haqqında danışılan ‘’X’’ günü gəlmişdi…
Hər şey o qədər sadə, o qədər asan gəlirdi ki…
Seçkinin elan olunan nəticələrini qəbul etmədik…
Öncədən planladığımız kimi, bunun əksini iddia etdik; –
‘’Liderlər’’ deyə biləcəyimiz simalar siyasi manevrlərə gərək görmədən son döyüş elan etdilər…

**
Onu heç tanımırdıq…
Gözləmədiyimiz halda rəqibimiz güclü və inadkar çıxmışdı…
Baş nazir seçildiyi ilk gündən hakimiyyət komandasında pərakəndə durumu sürətlə toparladı, tərəddüd edən iqtidar təmsilçilərinin saylarını sıfırladı…
Cəmi 40 günə bütün kontrolu əlində cəmlədi, mobilləşdirdi və özünə, iqtidarına yaranan real təhlükəni dəf etdi…
‘’Bizim Azərbaycan’’ bloku çatısı altında birləşmiş müxalifətin və bizi gizlində dəstəkləyən…
…tayfa birliklərinin, bölgəsəl mafiyaların və hakimiyyət içindən bizi pünhan dəstəkləyənlərin, gələcəklərini yeni liderlə bərabər görməyənlərin siyasi səhnədə son döyüşü idi…
İlham Əliyevin isə siyasi səhnədə və Bakı küçələrində ilk döyüşü başlayırdı…
Bunun sonu düz 20 il sonra, eyni gündə Xankəndidə bitəcəkdi…

**
Hər şey gerçəkdən də çox asan oldu…
Onun üçün…
Bizim liderimiz, namizədimiz son anda meydana çıxmadı, döyüşmədən siyasi səhnədən çəkildi…
Təcrübəli və müdrik İsa Qəmbər kritik anda hər şeyi düz hesablamışdı; izafi dirəşməməsi də doğru idi…
Sadəcə, bildiyini, hesabladığını bizimlə də paylaşmağı ‘’unutmuşdu’’…
Ya da həmin an üçün mənasız saymışdı…
Özü evinə getdi; tərəfdarlarına da qəti və direktiv şəkildə ‘’siz də evinizə dağılışın’’demədən…
‘’Qızılgül’’ inqilabları tarixində bu, bir ilk idi…
ABŞ-ın dəstəkləmədiyi ‘’Amerikanski narıncı inqilab’’a (uğursuz) təşəbbüs göstərdik…

**
‘’Bizim Azərbaycan’’ üçün çətin oldu.
10 il hazırlaş, iqtidarın bir addımlığında darmadağın ol…
17 ay türmə yatdıq…
Çıxanda, status -kvo dəyişmişdi…
Bir də ağlımız və ‘’lider’’ dediklərimizə güvənimiz…
Türmə elə bir yerdi ki, öləndən sonra özünə və ailənə,
…səndən geri qalanlara kimin hansı münasibəti bəsləyəcəyini apaydın görürsən…
Belə…
‘’Öldük’’, gördük; çıxdıq və korrektələr etdik…