Xebername.info “Bizimyol.az”-a istinadən bildirir ki, Dünya İqtisadi Forumunun 2015-2016-cı illər üçün rəqabətqabiliyyətlilik indeksində Azərbaycanın mövqeyi pisləşib. Hesabata görə, ötən ilə nisbətən Azərbaycan 140 ölkə arasında 2 pillə geriləyərək 40-cı sırada qərarlaşıb. Reytinqdə Azərbaycanın rəqabətqabiliyyətlilik indeksi 4,50 bal təşkil edir.
Hesabatdan aydın olur ki, Azərbaycanın MDB ölkələri arasında mövqeyi kifayət qədər yüksəkdir: “Azərbaycan regionda (MDB) ən yaxşı mövqe tutmaqla qonşu ölkələrlə müqayisədə bu yaxınlarda baş vermiş dünya iqtisadi böhranından hamıdan yaxşı çıxıb. Bir müddət əvvəl yaşadığı böhranla əlaqədar olaraq iki pillə geriləməli olub. Ölkə aşağı inflyasiya və əlverişli dövlət maliyyələşməsi ilə seçilən güclü makroiqtisadi mühit sayəsində fayda əldə edir. Lakin dövlət büdcəsinə təsir edən əsas faktorlardan biri neft və qazın ucuzlaşması builki qiymətləndirmədə nəzərə alınmayıb. Araşdırmaya görə, Azərbaycanın inkişafını əngəlləyən iki faktor var. Onlardan birincisi korrupsiyadır ki, bu, biznesin inkişafında ən problemli faktorlardan biridir. İkincisi maliyyə sektorudur ki, hələ də inkişaf etməyib və reytinqdə 114-cü yerdə qərarlaşıb. İqtisadiyyatın diversifikasiyası üçün özəl investisiyaların cəlbi ölkə üçün əsas problemlərdən biri olaraq durur. Dünya birjalarında enerji resurslarının qiymətinin aşağı olacağı dövr ərzində, iqtisadi inkişaf tempini saxlamaq üçün bazar iqtisadiyyatı və diversifikasiya siyasətinə üstünlük verilməsi mühüm önəm daşıyacaq”.
İndekslər üzrə reytinqə görə, Azərbaycan makroiqtisadi mühit üzrə 10-cu, əmək bazarlarının effektivliyinə görə 30-cu, innovasiyaya görə 65-ci, ibtidai təhsil və səhiyyə səviyyəsinə görə 102-ci pillədə yer alıb. Bundan əlavə, ölkəmiz maliyyə bazarının inkişaf dərəcəsinə görə 114-cü, texnoloji hazırlıq səviyyəsinə görə 57, ali təhsil və peşəkar hazırlığa görə 89-cu pillədə qərarlaşıb. Mülkiyyət hüququ ilə bağlı Azərbaycan ötən ilə nisbətən 10 pillə geriləyib və 140 ölkə arasında 101-ci yeri tutub. Bu o deməkdir ki, ölkəmiz dünyada mülkiyyət hüququnun ən pis qorunduğu 40 ölkədən biridir. Əqli mülkiyyət hüququnun qorunması üzrə 12 pillə geriləyərək 92-ci sırada, investorların müdafiəsi sahəsində 28 pillə geriləyərək 50-ci yerdə qərarlaşmışıq.
Dünyanın ən rəqabətqabiliyyətli ölkəsi ötən dəfə olduğu kimi, İsveçrə olub. Liderlər beşliyinə həmçinin Sinqapur, ABŞ, Almaniya və Niderland daxildir.
Keçmiş Sovet İttifaqı məkanında lider əvvəlki iki ildə olduğu kimi, 30-cu yeri tutan Estoniya olaraq qalır. Reytinqin yuxarı orta hissəsində Azərbaycanla yanaşı, Polşa (41), Qazaxıstan (42) və Latviya (44) yer alır.
Elgün ORUCLU