İlham Əliyevin iradəsi olmadan hər hansı nazir Bəxtiyar Hacıyevi həbs edə bilməz.

Azərbaycan ictimai gündəmində Bəxtiyar Hacıyevin 9 dekabr 2022-ci ildə həbs edilməsi var. İctimai aktiv kəsim hesab edir ki, B.Hacıyevin həbsi siyasi sifarişlidir. B.Hacıyevin özü də dəfələrlə bildirib ki, ona qarşı hakimiyyət orqanları tərəfindən, xüsusilə DİN-in başçısı tərəfindən təzyiqlər edilir.

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin siyasi sifarişlə həbs edildiyini pisləyib.

Təşkilatın sədri Fikrət Cəfərli bu mövzuda təşkilatın bəyanmat yaydığını bildirmişdir.

Bildirilir ki, həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin həbsi siyasi qərardır: “”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” Bakı şəhəri, Baş Polis İdarəsinin İstintaq Şöbəsinin Cinayət Məcəlləsinin 221.1 və 289.1-ci maddələri ilə açılmış qurama, saxta cinayət işini siyasi motivli və istintaqın təqdimatına əsasən Xətai Rayon Məhkəməsi tərəfindən 1 ay 20 gün müddətinə seçilmiş həbs qətimkan tədbirini Bəxtiyar Hacıyevin cəmiyyətdən təcrid edilməsinə yönəlmiş siyasi akt kimi qəbul edir”. Mərkəz hesab edir ki, nəzəri baxımdan Bəxtiyar Hacıyevin əməlində hər hansısa hüquqa zidd hərəkat olsaydı belə, istintaq tərəfindən aparılan araşdırma onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə yönəlməməliydi: “Qeyd olunanlar bir daha onu göstərir ki, Bəxtiyar Hacıyevin həbs edilməsi qabaqcadan hazırlanmış hüquqi yox, siyasi əməliyyatdır”.

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı Bəxtiyar Hacıyevin qanunsuz həbs edilməsini dövlətçiliyə qarşı təxribat sayır və hakimiyyətdən təxribatı həyata keçirdənlərin cəzalandırılmasını, Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasını tələb edib.

İctimai fəal, Müdafiə Nazirliyindəki maliyyə olaylarına görə vaxtilə həbs edilmiş, hal-hazırda Avropada siyasi mühacir həyatı yaşayan Ramin İmanov isə hesab edir ki, harda nəyin baş verməsindən asılı olmayaraq hər şeyi İlham Əliyev idarə edir: „Avtokratik ölkələrdə bütün bu proseslər bir nəfərin iradəsilə həyata keçirilir. Azərbaycanda bütün siyasi həbslər, təzyiqlər, kiminsə vəzifədən çıxarılması, hətta məmurlar arasında olan ədavət birbaşa ölkə başçısının nəzarətindədir. B.Hacıyev Avropada təhsil almış, inytellektual, ictimai maraqları qoruyan aktiv vətəndaşdır. Onun, sosial mediada aktivliyi, ictimai proseslərdə öndə getməyi onu deməyə əsas verir ki, İlham Əliyevin xəbəri olmadan, yalnız Vilayət Eyvazovun iradəsilə bu həbs həyata keçirilə bilməz“.

14.12.2022

A.Abdullayev