Son illərin maraqlı mövzularından biri də mühacirətdəki siyasi aktivistlərin fəallığıdır. Belə ki, Azərbaycanda siyasi məhbusların azadlığı naminə və ya demokratik dəyərlərin bərqərar olması üçün xüsusilə Almaniyada məskunlaşmış mühacirlər vaxtaşırı mitinqlər təşkil edir və bu məsələni sosial şəbəkələrdə xeyli genişləndirirlər. Bununla təbii olaraq barışmayan siyasi rejim həmin şəxsləri birbaşa təqib edə bilmədiyindən, onların ailə üzvlərinə təzyiq edir, zaman-zaman onların həbsini də həyata keçirmiş olurlar. Vaxtilə Orduxan Temirxanın qohumlarının həbsi, Pərviz Abdullayevin qaynının həbsi, Elmir Şirəliyevin yaxınlarının işdən çıxarılması, 2 qohumunun həbsi və s. misal göstərmək olar.
Bu günlərdə Almaniyadan aldığımız daha bir xəbərə görə siyasi fəallardan olan aktivist Vaqif İbrahimovun Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan qohumlarına qarşı təzyiq edilmişdir. Belə ki, 16 noyabr 2021-ci il tarixində rayon polis şöbəsinin əməkdaşları həmin kənddə yaşayan Vaqif İbrahimovun yaxın qohumu (həyat yoldaşının əmisi) Səlimov Əlipənahın evinə daxil olmuşlar və ev sahibi ilə onun xanımını sorğu-sual etmişlər . Onlardan əsasən İbrahimov Vaqif və həyat yoldaşı İbrahimov Nuranə haqqında məlumatlar öyrənməyə çalışmlşlar Nə zamandan N.İbrahimova Salyan rayonunu və daha sonra isə bu ailə Azərbaycanı tərk edib. Almaniyada hansı ünvanda yaşayırlar və s.
Qeyd edək ki, oxşar hadisə 2019 və 2020-ci illərdə dəfələrlə baş verib və daha öncə Vaqifin anası, bacısı və qardaşları, xanım İbrahimovanın isə anası polisə aparılıb və təhdit olunublar.
M.Balakişiyev
25.11.2021