Hakimiyyətin Tofiq Yaqublu xofu

İlham Əliyevin Novruz bayramı ilə əlaqədar çıxışında ölkə müxalifətini düşmən elan etməsinin nəticəsi özünü çox gözlətmədi. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu həmin çıxışdan cəmi 3 gün sonra – martın 22-də şərlənərək həbs olundu.  Rejim başçısı İlham Əliyevin çıxışında müxalifətçiləri “satqın” və “düşmən” adlandırmasından və onların təcrid edilməsinin “zərurətə” çevrilməsini deməsindən sonra Tofiq Yaqublunun həbsi təsadüf ola bilməz.

Hər fürsətdə siyasi rəqiblərinə divan tutmaq ehtirası İlham Əliyevə hətta ölkədə fövqəladə vəziyyət elan etməyi gözləməyə də imkan verməyib və o, artıq növbəti repressiya dalğasını başlamağa göstəriş verib.  Avtomobil qəzası kimi təsvir edilən insidentin ardınca Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu dərhal saxlanılıb.

Polis, siyasi hakimiyyətin əvvəlcədən hazırlanan plan üzrə Tofiq Yaqublunun özünü təqsirkar çıxarıb, ona qarşı CM-in 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlandı.

Hadisədən bir gün sonra hakim Yeni Azərbaycan Partiyasının aparıcı fiqurlarından olan və baş nazirin müavini Əli Əhmədov Facebook-da yaydığı “İki virusa qarşı mübarizə” başlıqlı yazıda müxalifətçiləri koronavirusla müqayisə edərək hər ikisini Azərbaycan cəmiyyəti üçün “təhlükəli” adlandırıb: “Ölkələrin əksəriyyətində olduğu kimi, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə apardığı halda Əli Kərimli virusu Azərbaycana qarşı mübarizə aparır və bu əməllərində ən çirkin vasitələrdən belə çəkinmir. İllər boyu təkrarladığı yalanlarına indi sanki koronavirus çalarları əlavə edib. Hər cür yalanlarla, uydurma və şaiyələrlə əhalidə hökumətin koronavirus xəstəliyinin qarşısının alınması sahəsində həyata keçirdiyi, hesab edirəm ki, kifayət qədər düşünülmüş və səmərəli qabaqlayıcı tədbirlərə inamsızlıq yaratmağa çalışırlar”.

Əli Əhmədovun yazdıqları onu deməyə əsas verir ki, rejim pandemiyadan da sui-istifadə edərək əleyhdarlarını sıradan çıxarmaq niyyətindədir. Gözlənilən siyasi sifariş məhkəmə qərarı ilə sona çatdırıldı. Tofiq Yaqublu sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü və Prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Rejim Tofiq Yaqubludan niyə qorxur?

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.Tofiq Yaqublu hazırda Azərbaycandakı rejimə qarşı mübarizə aparan insanların önündə gedən tək-tük mübarizə adamlarından biridir. Tofiq Yaqublu Azərbaycan siyasətçiləri arasında, mövqeyini dəyişməyən – günəş kimi parlayan bir siyasətçidir. Əslində siyasətçi də deyil, o, ideologiya adamıdır. Mübarizə adamı, Vətən adamı, torpaq adamıdır. Ölkədə demokratiya davası üçün gedən ağır “döyüşlərdə” dəfələrlə “yaralanan”, “əsir düşən”, amma əsla təslim olmayan DAVA adamı…

Bir Azərbaycan kişisini qızını həbs edərək sınadılar, digər övladının ölümü zamanı sınadılar, dəfələrlə həbslə sınadılar, sınmadı. Anlamırlar, sınmayacaq da. Anlaya bilmirlər. Tofiq bəy bir hərəkatdan, bir partiyadan daha böyükdür, daha güclüdür. O, hardadırsa, vicdan, dürüstlük, haqq mərkəz olaraq ordadır. Bu gücün sahibi sınmaz, əyilməz, geri çəkilməz. Məhz bütün bunlara görə, hakimiyyət Tofiq Yaqubludan qorxur. Onun inanılmaz mübarizə əzminin bütün cəmiyyətə müsbət impuls verə biləcəklərindən qorxduqları üçün DAVA adamını susdurmaq istəyirlər…

Siyasi fəal Anar Həsənov

28.12.2021