Londona daşınan milyardlarla Azərbaycan xalqının sosial problemləri niyə həll olunmur?

Siyasi aktivis Anar Həsənov

Sızdırılmış Pandora səndələrinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və yaxınları ofşor şirkətlər vasitəsilə Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər.  Britaniya hüquq-mühafizə orqanları Azərbaycandan aparılmış və mənbəyi şübhə doğuran sərvətlər hesabına İngiltərədə ən az 340 milyon funt sterlinq dəyərində daşınmaz əmlak satın alındığını açıqlayıb.

Londona Azərbaycan xalqının sərvətini daşıyanlar arasında Prezident və ailə üzvləri ilə yanaşı, nazirlər, icra başçısıları, deputatlar, hakimiyyətə yaxın olan iş adamları da var. Birləşmiş Krallığa Azərbaycandan konkret nə qədər sərvətin daşındığı dəqiq bilinməsə də, daşınan sərvətin məbləği artıq ingilis hakimiyyətində narahatlığa səbəb olub. Bu səbəbdən də şübhəli bilinən sərvət və pullarıa bağlı hüquqi prosedurlara start verilib. Artıq müəyyən nəticələr də var. Aərbaycanda çox nüfuzlu şəxslərin yaxın qohumları olan, İspaniyanın məşhur İbiza kurort adasında və London klublarında DJ Mikaela Jav təxəllüsü ilə tanınan İzzətxanım Cavadova akademik Cəlal Əliyevin qızı (yəni prezident İlham Əliyevin əmisi qızı), onun əri Süleyman Cavadov isə Energetika nazirinin keçmiş müavini Gülməmməd Cavadovun oğlunun sərvəti barədə məhkəmə qərarı elan olundu.

Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı başladılmış birinci istintaq işi isə korrupsiya ilə mübarizə sahəsindəki yeni qanunvericiliyin qüvvəyə minməsindən sonra Britaniya hökumətinin xarici ölkələrdən olan korrupsioner məmurlara və onların ailə üzvlərinə qarşı başlatdığı ilk istintaq işi kimi tarixə düşdü. Sözügedən məhkəmə qərarının qüvvəyə minməsindən və adlarının ictimailəşdirilməsindən cəmi 5 gün sonra isə Britaniya mətbuatı məlumat verdi ki, üç ilə yaxın müddətdə istintaq orqanları ilə məhkəmələrdə çəkişən Cavadovlar özləri üçün sərfəli sayıla biləcək şərtlərlə sövdələşməyə gedərək, məhkəmə prosesini tam dayandırmağa və onlara qarşı irəli sürülmüş bütün ittihamlardan qurtulmağa nail oldular. Yəni, pulların müəyyən hissəsini müsadirə olunmağa razılaşıblar.

Oxşar tendensiya Azərbaycanda dərman monopolisti kimi tanınan deputat Cavanşir Feyziyevin ailə üzvlərinə qarşı keçirilən məhkəmədə də yaşandı. Feyziyevin Londona daşıdığı sərvətin üçdə biri müsadirə olunmaqla 10 milyon avroluq pulun üzərində qoyulmuş həbs qərarı götürüldü.  London məhkəməsinin qərarları isə Azərbaycanda hiddətlə qarşılanır. Xalqdan oğurlanmış pulların müəyyən hissəsinin məhkəmələrdə leqallaşması Azərbaycanın sıravi vətəndaşlarında qəzəb yaradır. Çünki bu pullarla Azərbaycan vətəndaşların təməl iqtisadi hüquqlarının təmin olunması yönündə ciddi addımlar atıla bilər. Müxtəlif mərkəzlərin açıqladığı rəqəmlərə görə, Azərbaycandan son 20 ildə xalqa məxsus azı 100 milyard dollardan çox pul xaricə daşınıb.

Ölkənin bölgələrində insan orta əsrlər dövründəki qaydalarla yaşayır, bölgələrdə rayon mərkəzlərindən başqa yaşayış məntəqələrinin əksər hissəsi qazlaşdırılmayıb, yollar keçilməz haldadır, məktəb və xəstəxana ciddi problemə çevrilib. İnsanların yarısından çoxu yoxsulluq şəraitində yaşayır, normal qidalana bilmirlər. Hakimiyyət isə bəh-bəhlə iqtisadi inkişafdan danışır, sosial yönümlü siyasət həyata keçirdiyini açıqlayır. Faktiki olaraq hakimiyyətin inkişaf nağılları və korrupsiyayönümlü sosial layihələri sadə vətəndaşın həyatında hiss olunmur. İllərdir Azərbaycan vətəndaşlarının uşaq pulu tələblərini isə hakimiyyət büdcədə vəsait çatışmazlığı ilə izah edir. Belə bir hakimiyyətin rəhbərliyi başda olmaqla məmurları xalqın sərvətini talan edərək xaricə daşıyır. Məhz buna görə də Londonda xalqa məxsus pullarla bağlı məhkəmə qərarları hiddətə səbəb olur…

20.02.2022