Azərbaycanda siyasi hüquqların pozulduğu, azad mətbuatın susdurulduğu bir dönəmdə yaşayırıq. Hər gün minlərlə insanın müxtəlif formalarda haqları tapdalanır və onlar ən azından korrupsiya məngənəsindən keçməli olurlar. Ölkənin siyasi gündəmində hal-hazırda olan mövzu daha çox Saleh Rüstəmlinin və digər siyasi məhbusların azad edilməsilə bağlıdır. Xüsusilə dekabr ayının ilk günündə keçirilən “Saleh Rüstəmliyə azadlıq” aksiyasından sonra 40 nəfərin saxlanılması hal-hazırda ictimai gündəmi qəsb etmişdir. Burada özəlliklə Tofiq Yaqublunun nümayişkaranə şəkildə döyülməsi və cəmiyyətə göstərilməsi ciddi şəkildə diqqət çəkmişdir.
Həmin mitinqdə iştairak etmiş “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Kamal Həbibov növbəti dəfə bizim suallarımıza cavab verərək baş verənləri dəyərləndirdi.
-Kamal bəy, mitinq barəsində təəssüratlarınızı bilmək istərdik. – Qeyd edim ki, mitinqin baş tutmasına Azərbaycanın siyasi rejimi imkan vermədi. İnsanlar bir günahsız insanın həbsdə saxlanılmasına haqlı olaraq etiraz etsələr də, siyasi hakimiyyət bu problemin daha çox ictimailəşməsinin qarşısını almaq istədi. Oraya toplaşan insanlar heç bir qanunazidd addım atmayaraq sadəcə Saleh bəyin azad edilməsini tələb
edirdilər. Hansı ki, dünyanın bütün yerlərində bu olduqca xoş qarşılanır və sivil etiraz formasıdır. Lakin bütün dünya ictimaiyyətinə məlum oldu ki, həmin gün 40 nəfər insan saxlanıldı, onlar fiziki təzyiqə məruz qaldılar. Halbuki, sakit keçən bir aksiyanın müdaxiləsiz başa çatmasını təmin etməklə hakimiyyət demokratik obraz yarada bilərdi. Xüsusi olaraq Tofiq Yaqublunun amansızlıqla döyülməsini vurğulamaq lazımdır. Tofiq bəyin gözləri nümayişkaranə şəkildə döyülmüç ki, bu da siyasi rejimin tam mahiyyətini göstərir. Yəni, biz istədiyimiz adamla istədiyimiz kimi davrana bilərik. Sabahısı gün isə Neftçalada mən şöbəyə dəvət edildim. Mənimlə fiziki təzyiq də daxil olmaqla ciddi təhditlə danışdılar. BUndan əvbvəlki mitinqlərdə iştirakımı da xatırladaraq ailə üzvlərimlə məni təhdit etdilər və həb ediləcəyimi söylədilər. Demək olar ki, 2 dekabr gününü bütünlüklə şöbədə keçirdim. Evə isə yalnız axşam qayıda bildim. Başıma gələnlərlə bağlı harasa şikayət yazmağımın heç bir mənası yoxdur. Əvvəllər də yazdıqlarım olub, lakin mən daha ağır formada təzyiqə məruz qalmışam.
-Kamal bəy, necə hesab edirsiniz, Tofiq bəyin fiziki xəsarət alması saxlanılması zamanı gərginlikdə ola bilərmi? – Xeyr, mümkün deyil. Əvvəla Tofiq bəy açıqlamasında bildirdi ki, zəng edib onlara tapşırdılar ki, tapşırığa uyğun qaydada döymək lazımdır. İkincisi isə Azərbaycan siyasi hakimiyyətinin bu cür addımlar atması artıq ənənəyə çevrilib. Yadınızdadırsa Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərovun da saxlanıldıqdan sonra şəkli yayılmışdı. Daha sonra Cəmil Həsənlinin ailə üzvünün videosunu yaymışdılar. Bütün bu əxlaqa sığımayan hərəkətlər təsadüfən baş verə bilməz, hər bir məmur da bu addımları ata bilməz. Bizdə məşhur bir misal var, balıq başdan iylənər. Azərbaycanda bütün qanusuzluqların, hüquq pozuntularının, məmur özbaşınalığının, korrupsiyanın genişlənməsinin başına İlham Əliyev şəxsən özü dayanır. Ona görə də, bu gün nələrdən danışırıqsa hamısı görüntüdür. Ölkədə kəsdiyi başa sorğu-sual olmayan tək kişi varsa, o da İlham Əliyevdir.
10.12.2021
A.Abdullayev