Çexiyada yaşayan siyasi mühacir Azər Kərimov ölkədə insan hüquqları pozuntusuyla bağlı öz narahatçılığını dilə gətirdi. O, xüsusilə qeyd etdi ki, Azərbaycanda müxalif mövqeli inasanlara qarşı həyata keçirilən şantaj, qarayaxma və s. xarakterli addımlar olduqca eybəcər görünür: “Müxalifətin liderlərindən biri Cəmil Həsənlinin ailə üzvünün videogörüntülərinin yayılması sadəcə əxlaqsızlıqdır. Əslində, Azərbaycan siyasi hakimiyyəti siyasi rəqiblərini gözdən salmaq üçün bu metodlardan istifadə edir ki, mental dəyərlərə malik Azərbaycan xalqında siyasi müxalifətə inamsızlıq yaransın. Lakin, bu kifayət qədər ucuz və səviyyəsiz şou olduğundan, ictimaiyyət də haqlı olaraq hökuməti qınadı”
A.Kərimov bildirir ki, siyasi hakimiyyət bu cür “siyasi gedişlər” etməklə korrupsiya, məmur özbaşınalığı, səmərəsiz idarəetmə və s. axsaqlıqları gizlətmək istəyir: “Hakimiyyətin istər daxili, istərsə də xarici siyasətində o qədər çatışmazlıq var ki, hər bir vətəndaş çoxlu suallar ünvanlayır. Həmin sualların isə cavabı yoxdur və hakimiyyət faktiki olaraq sosial problemləri həll edə bilmir. Bununla yanaşı, hökumət korrupsiya mexanizmini də genişləndirir və bu da əhalinin narazılığında ciddi rol oynayır”.
Siyasi fəal A.Kərimov qeyd etdi ki: – Hakimiyyət imitasiya xarakterli bəzi addımlar atsa da, bunlar çatışmazlıqları aradan qaldıra bilmir və hökumət yalnız qeyri-demokratik üsullarla narazı qrupları susdurmağa çalışır. Təsəvvür edin ki, qaramaskalı dediyimiz bir qrup təhlükəsizlik xidməti əməkdaşları bir neçə rayon icra başçısını, daha sonra isə mədəniyyət və ya elm işçilərini həbs etdilər. Guya korrupsiyaya qarşı mübarizə aparılır. Azərbaycanda hamı bilir ki, korrupsiya prosesi nazirliklər və prezident aparatından idarə olunur. Azərbaycanda ölkə başçısı başda olmaqla bütün məmurlar rüşvət alırlar. Sadəcə gözdən pərdə asmaq üçün 5-10 nəfəri “cəzalandırırlar. Korrupsiyalaşmış sistemi idarə etmək üçün diktatura rejimi istifadə olunur”.
07.06.2021