“Azərbaycanda baş vermiş insan hüquqları pozuntularıyla bağlı mühacirlərin həyata keçirdiyi etiraz aksiyaları hakimiyyət tərəfindən izlənilir”- bu sözləri AXCP üzvü, hal-hazırda Almaniyada mühacirətdə yaşayan Nurlan Rəsulov bildirdi. N.Rəsulov bildirir ki, mühacirətdə xeyli fəal insanlar var və onlar təşkilatlanırlar: “Bu o deməkdir ki, narazı qüvvələr burada da Azərbaycanda olan siyasi rejimə qarşı öz etirazlarını müxtəlif formalarda çatdırmaq istəyirlər. Xüsusilə qeyd etmək lazımdır ki, Almaniyada xeyli beynəlxalq insan hüquqları təşkilatlarının ofisləri vardır və Azərbaycan həqiqətlərini bu ünvanlara çatdırmaq mümkündür. Xüsusilə diktatura rejiminin yaratdığı fəsadları, siyasi motivli həbsləri ictimailəşdirmək olduqca vacibdir”.
Nurlan Rəsulov bildirir ki, Azərbaycan hökuməti təzyiq üsullarılndan əl çəkməyərək mühacirləri də susdurmaq isəyir: “Bizə qarşı da təzyiq üsullarından istifadə olunur. Belə görünə bilər ki, bizim həbs olunmaq riskimiz yoxdur deyə hakimiyət səssiz qalacaq. Lakin, belə deyil, İlham Əliyevin diktatura
aparatı dərhal bizim yaxınlarımızı, ailə üzvlərimizi tapır və onlar vasitəsilə bizə təsir göstərirlər. Bu təsirlər sadə formada olmur. Həmin qohumlar, ya da ailə üzvlərimiz təhdit olunurlar. Onlar işdən çıxarılmaqla, universitetdən qovulmaqla, həbs edilməklə təzyiqə məruz qalırlar”.
Siyasi mühacir qeyd etdi ki, bu ilin fevral ayında “diktatoru tanıdaq” aksiyası keçirdiyinə görə onun da qohumları təzyiqə məruz qalıb: “Essen şəhərində keçirdiyimiz məlum aksiyadan iki gün sonra – 22 fevral tarixində əmim Yaşar Rəsulov Ağdaş rayonu polis şöbəsinə aparılıb və orada təhdit olunub. Ona qəti şəkildə bildiriblər ki, Nurlan siyasi fəaliyyətini dayandırmasa hamınızın başı ağrıyacaq. Ertəsi gün isə qeydiyyatda olduğum ünvana gəliblər və anama bildiriblər ki, əgər Nurlan dayanmasa biz onun deportasiya edilərək Azərbaycanda qanun qarşısına çıxmasını təşkil edəcəyik. Bu isə mənim həbs olunacağıma işarədir”.
N.Rəsulov bildirdi ki, göstəriş Bakıdan gəlir və bu barədə polis rəisinin müavini anama deyib: “Anama deyiblər ki, sizin gədələrinizə görə hər gün bizim üzümüzə söz gəlir. Lakin, anam etikasız polis zabitinin adını mənə demədi”.
N.Rəsulov bildirir ki, o, öz siyasi fəaliyyətini davam etdirəcək və siyasi hakimiyyətin qorxaq və rəzil davranışı onu öz yolundan çəkindirmir.
E.Nağıyev
17.03.2018