Ramin İmanov: “Vergi məmurları, yerli icra nümayəndələri, polis işçiləri, epidemiologiya əməkdaşları lazımsız yoxlamalardan əl çəkməlidir”
Bu gün ölkədə iqtisadi aktivliyin aşağı olması sahiblarlığın inkişaf dinamikasına da təsirsiz ötüşmür. Sahibkarlığın inkişafında baş verən geriləmələr, yaranan əngəllər, problemlər barədə suallarımızı kiçik sahibkar Ramin İmanov cavablandırıb. Xeberbil.info müsahibəni təqdim edir.
-Ramin bəy, son dövrlər baş verən proseslər, daha konkret desək milli valyutamızın ucuzlaşması, neft gəlirlərinin azalması sosial-iqtisadi inkişafa nə dərəcədə təsir göstərir?
– Ümumiyyətlə dünyada qlobal və regional səviyyədə iqtisadi dəyişikliklər tez-tez baş verir. Son dövrlər isə xüsusilə Azərbaycan kimi ölkələr üçün bu daha spesifikdir. Çünki, müstəqillik əldə etdikdən sonra qonşu dövlətlərlə olan münasibətlər, yeni iqtisadi sistemin formalaşdırılması, təbii resurslardan istifadə imkanları, istehsal və sahibkarlıq mühitinin yaradılması və s. ölkənin bütövlükdə inkişafına təsir edən amillərdən sayıla bilər.
Bu mənada Azərbaycanda neft ehtiyatlarının istismarına başlandıqdan sonra ölkəyə böyük pullar gəlməyə başladı. Bu gəlirlər həm də yeni imkanlar yaratdı ki, həmin vəsaitlərdən iqtisadi inkişafa töhfə verəcək şəkildə istifadə edilsin. Bu barədə çox danışılıb, çox yazılıb. Demək istədiyim odur ki, bu günkü durum artıq bizim nələri düzgün, nələri isə səhv etdiyimizi göstərməyə imkan verir. Təbii gəlirlər azaldıqca biz alternativ iqtisadi imkanlar yaratmadığımızın şahidi olduq.
-Sizcə nələri etmək olardı ki, qeyd etdiyiniz alternativ imkanlar olsun?
– Bilirsiniz, dünyada iqtisadi nəzəriyyələrə əsaslanan inkişaf yolları var. Bu günkü qloballaşan dünyada inkişaf eləmiş dünya dövlətlərində kiçik və orta sahibkarlığın inkişafı bütövlükdə bu tendensiyanın ilk uğuru hesab olunur. Bu mənada ayrı-ayrı sosial qrupların maddi durumunun yaxşı olması onların ümumi iqtisadi inkişafa maraq göstərməsi və işsizliyin aradan qalxmasında yardımçı olması anlamına gəlir. Çox təəssüf ki, Azərbaycanda bəzi məmurlar əllərindəki imkanlardan istifadə edərək kiçik və orta sahibkarlığın inkişafına mane oldular. Azərbaycan aqrar ölkə olmasına baxmayaraq, bu gün kənd təsərrüfatıyla məşğul olan şəxslər yalnız cari ehtiyaclarını ödəmək üçün çalışırlar.
Hələ peşəkar səviyyədə koorperativlərin yaranmasından, kənd təsərrüfatı məhsullarının əmtəə halında təqdim olunmasından söhbət gedə bilməz. Bu problemlər təkcə aqrar sahədə deyil, eyni zamanda digər biznes və sahibkarlıq subyektlərində də müşahidə edilir. Çox təəssüf ki, inzibati yoxlamalar, yerli icra orqanları, polis nəzarəti, təhlükəsizlik və s. problemlər biznes mühitinə yaxşı gələcək vəd etmir.
–Ramin bəy, bu qeyd etdiyiniz məsələlərin aradan qalxması və iqtisadi inkişaf üçün nələri etmək mümkündür?
– İlk növbədə biznes mühiti yaradılmalıdır. O mühit ki, vergi məmurları, yerli icra strukturunun nümayəndələri, polis işçiləri, epidemiologiya əməkdaşları və s. lazımsız yoxlamalardan əl çəksinlər. Əlavə olaraq gömrük sistemində də kadr dəyişiklikləri olmalıdır ki, istehlak olunan malların çatdırılmasında problem olmasın. Bu həm də bizneslə məşğul olmaq istəyənlərə əlavə stimul ola bilər. Bu gün əhalinin iqtisadi vəziyyəti o qədər də yaxşı deyil. Amma ölkədə kiçik və orta sahibkarlıq inkişaf edərsə, sosial narazılıq ehtimalı da azalar.
16.04.2017
Alış Abdullayev