İyulun 14-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində mülki şəxs, rayonun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz İzzət oğlu Əzizov şəhid olub.
“Report”un məlumatına görə, Əziz Əzizov axşam yeməyinə hazırlaşdığı vaxt süfrə arxasında həlak olub. Hadisə yerinə baş çəkən ombudsman Səbinə Əliyeva deyib ki, çörək masanın üstündə qalıb.
Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın mülki əhalini məqsədyönlü şəkildə hədəfə alması və ağır silahlardan atəşə tutması faşizmin və barbarlığın əyani təzahürüdür: “Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir”.
Bəyanatda xatırladılır ki, Ermənistan tərəfi bundan öncə də azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insan xüsusi qəddarlıqla qətlə yetirilib, sərhəd boyu, eləcə də təmas xətti yaxınlığında yaşayan azərbaycanlı mülki şəxslər, o cümlədən azyaşlı uşaqlar məqsədyönlü şəkildə hədəfə çevrilib, 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxs həlak olub, 33 nəfər yaralanıb.
Xarici İşlər Nazirliyi Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə, bu qanunsuz əməlləri qınamağa çağırır.
Bəyanatda deyilir ki, azərbaycanlı mülki şəxsin qətlə yetirilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.