İctimai fəal Qiyas İbrahimov xırda xuliqanlıqda günahlandırılır

İyunun 9-da ictimai fəal Qiyas İbrahimov Çevik Polis Alayının əməkdaşlarının Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan sakinlərə qarşı qanunsuz hərəkətlərinə etiraz etdiyi üçün saxlanılıb. O hazırda Nizami rayon Polis İdarəsinin 25-ci Polis Böləməsində saxlanılır.
“Bu gün Qiyas İbrahimov yaşadığı binanın damına çıxaraq etiraz şüarı qaldırıb. Polis əməkdaşlarının canlı yayımda vətəndaşlardan üzr istəməsini tələb edib. Qiyası buna görə saxlayıblar,” İbrahimovun anası Şura Əmiraslanova jurnalistlərə bildirib.
Əmiraslanova polis bölməsində oğlu ilə görüşdükdən sonra deyib ki, ondan izahat alıb sərbəst buraxacaqlar.
“Əgər Qiyası sərbəst buraxmasalar, mən binanın damına çıxıb etiraz olaraq özümü ataraq intihar edəcəm. Qoy bu xalqın yolunda ölüm. Nəhayət bir gün xalq qalxıb öz haqqını tələb edəcək. İtirəcək heç nəyim yoxdur. Bıçaq artıq boğaza dirənib”, Əmiraslanova jurnalistlərə deyib.

Qiyas İbarhimov bir neçə saat polis bölməsində saxlanıldıqdan sonra polis avtomobilinə mindirilərək oradan aparılıb.
Vəkil Elçin Sadıqov bildirib ki, İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib ediblər.
“Qiyas İbrahimov bildirdi ki, özünü təqsirli bilmir. Polisin dünənki hərəkətinə etiraz olaraq aksiya keçirib. Polis bunu xırda xuliqanlıq hesab edir. Amma orada hər hansı inzibati xəta tərkibi yoxdur. Məhkəməyə apardılar. Qiyasın sağ dizində və belinin hər iki tərəfində dərisi soyulmuş qançır izləri vari idi. Aktlaşdırıldı,” o qeyd edib.