DİN: Yasamalda 11 nəfər saxlanılıb

Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Rəsmi məlumatda deyilir ki, araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.

“İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirib,“ məlumatda deyillir.
Məlumata görə, hazırda zəruri araşdırmalar davam etdirilir.
İyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binanın həyətinə gəlib.
Sakinlərin yerli mediaya verdiyi məlumata görə, polislər binada yaşayan bir neçə nəfəri saxlayıb. Sakinlər deyir ki, polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar da yayılıb.
Bununla yanaşı, sosial şəbəkələrdə polisin iyunun 6-da bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzrəinə atması əks olunan videolar yayılıb.
Azərbaycanın bir sıra ekspertləri, siyasi xadimlər, partiya nümayəndələri karantin qaydalarını pozan vətəndaşlara qarşı polisin davranışını eitrazla qarşlayıb.