Ayı Şəkiyə niyə gəlmişdi?

Şəkidə qonur ayının küçədə dolaşması hadisəsi camaatımızın baməzə, hər sözə bir söz qoşan kəsiminin ürəyindən xəbər verib. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu sıxıntılı günlərdə belə xəbər hələm-hələm ələ düşmür.
Nə qədər olmasa da, unikal mövzudur, gündəmdəki tozanaq onun hesabına bir az yatacaq. Ortalıq çox qarışmışdı, Trampın sosial şəbəkəyə qarşı, oxumuş adamlar demişkən, demarşı və Ata Abdullayevin hansısa əyləncə mərkəzində fiziki təzyiqə məruz qalması hadisəsi camaatın əsəbini tarıma çəkirdi.
Ayı məsələsi isə tamam başqa türdəndir. Bildiyiniz kimi, ayılar və insanların münasibəti bizdə təkcə təbiət, fauna hadisəsi deyil, xeyli dərəcədə siyasət, bir balaca da kulinariya hadisəsidir.
Biz vaxtilə ayını kola dietasına oturdub, arıqladıb öldürmüş, restoranın qəfəsindən çıxartdırıb, kəsdirib, yemiş, bu mövzuda illərlə danışmış, yazmış adamlarıq.
Heç kim bilməz, amma o hadisənin özü və ona dair xəbər sonradan ayıdan betər oldu, ömrümüzü yedi. Ayıya 1 milyon manat ödəyəcəyini vəd edən, ayını yeyən, ayı yiyəsinin, kababçının pulunu kəsən, ayının yeyilməsinə dair xəbəri mediaya ötürən, hadisə barədə xəbəri ilk yazan qəzet, hamı qaldı kənarda, ayıyeyənlər qonaqlığa xərclədikləri pulun bir yarısını bizdən çıxarmaq istədilər. 3-4 il məhkəmə davası apardıq. Axırda onlar sübut elədilər ki, Qəbələdəki restoranda ayı-filan yeyilməyib.
Biləndar adamlar deyirlər ki, əslində o vaxt ayıya kulinariya prizmasından tamah salan adamlar vəd etdikləri 1 milyonu versəydilər, bəlkə də bu xəbər mediaya çıxmazdı və ölkənin siyasi gündəmi gərginləşməzdi. Amma onlar xəsislik ediblər, 1 milyon əvəzinə 700 min (və ya daha az) veriblər, nəticədə nə qədər adamın başı ağrıdı. (Bax, görürsünüz, müəllif israrla hələ də ad çəkmək istəmir – hamı hər şeyi bilir axı).
Ortada 1 milyon söhbəti olub, qonur ayının maksimum qiyməti isə 7 min olar, ya olmaz.
Çünki qonur ayının ən yekəsinin boyu 2.20 (ayaq üstə duranda), çəkisi 340 kiloqram olur. Bir ayının maksimum 200 kilo təmiz ət verdiyini nəzərə alsaq, ətin kilosunu 30 manatdan hesablasaq, 6 min manat edir. Ta nə olsun? Niyə könlünə ayı əti yemək düşmüş gənclər 6-7 minlik ayıya görə milyon ödəməli idilər? Hara baxır, müvafiq strukturlar, harda qaldı istehlakçı hüquqları?
Ona görə də o ayının yeyilməsi məsələsinə bu gün tamam başqa prizmadan baxmaq lazımdır. O hadisəyə görə yaşanan xoşagəlməz olayların günahının bir xeylisi də məhz aynın ətini macərapərəst gənclərə fantastik qiymətə satanlarda olub.
Xüləs, söhbət Şəki küçələrində gəzən ayıdan gedirdi, gedib Qəbələyə çıxdıq. İndi kimsə deyə bilər ki, bu, Qəbələdə yeyilmiş ayının oğludur (nəvəsi də ola bilər), itkin atasının sorağıyla gəlib Şəkiyə çıxıb. (Prinsipcə, ayı eyni məqsədlə Ucara getməliydi və ya Bakıya gəlməli idi). Amma bu, ciddi söhbət olmaz.
Başqa biri deyir ki, yazıq ayı neyləsin, ilin bu vaxtları camaat meşəyə gedirdi, qoyundan, danadan kəsib piknik edirdi, mal-davarın içalatını, baş-ayağını meşəyə atıb gedirdilər, onlardan sonra ayı və başqa ətyeyən heyvanlar gəlib öz nəsiblərini götürürdülər. Amma indi meşədə piknik edən yoxdur, ayılar da ac qalıb, ona görə də bu dəfə ayı insanların məskəninə gəlib. Bu, məntiqli izahatdır.
Məsələyə sırf siyasi aspektlərdən yanaşan vətəndaşlar bu fikirdədir ki, Şəkidə boy göstərən qonur ayı əslində rus ayısıdır və buralara elə-belə keçməyib, mesaj verməyə gəlib. Əlbəttə, bizim rus ayısı ilə bağlı xeyli xatirələrimiz, təəssüratlarımız var. Hələ ötən əsrin əvvəllərində, elə bu vaxtlarında bizim böyüklər demişdilər ki, ölkəmizin əbədi səadəti rus ayısının mərhəmətinə bağlıdır.
Necə deyərlər, “heyvərədir rus ayısı, Moskvadan Bakıyadək gəlif çıxıf rus ayısı” (“Yarımştat” teletamaşasından).
Yaxşı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu ayını təbiətə qaytarmaq üçün Şəkiyə ezam olunublar. Bir az da ləngisələr, o ayının ətini kim yeyəcəkdi, dərisini kim alacaqdı, onu bilməyəcəkdik. İnformasiya və ya fəhmə istinad edərək, ad çəksək, yenə yaxamız əllərdə qalacaqdı.
Samir SARI