Azərbaycanın müxalif ictimaiyyəti bu il mayın əvvəllərində Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişə kəskin reaksiya verib.
Saziş 2016-cı il fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı imzalanıb. Sonradan iyunun 14-də saziş parlamentdə ratifikasiya olunur və nəhayət, iyunun 16-da AR prezidentinin fərmanı ilə təsdiq edilir. İran parlamenti sazişi həmin ilin dekabrında imzalayıb. Rəsmi tərəflər prosedurları qapalı şəraitdə, ictimaiyyətin iştirakı ilə müzakirələr aparmadan həyata keçiriblər.
Layihəyə Araz çayında su anbarı, bəndlər və “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları daxildir. Layihə İran və Azərbaycanın sərhədyanı ərazilərini əhatə edir və qarşılıqlı istifadə predmetidir. Azərbaycan hissəsi 1993-cü ildən erməni işğalı altındadır.
İlk həyəcan təbilini təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl çalıb, o, layihənin Azərbaycan hissəsində mütləq Azərbaycan nümayəndələrinin – sərhəd xidmətinin və ya başqa nümayəndəliyin iştirakı ideyasını irəli sürüb. Daha sonra hüquqşünas Ələsgər Məmmədli sazişə hüquqi rəy verib. Rəydən çıxan nəticəyə görə, Araz çayı üzərində tikilmiş su elektrik stansiyası və hidroqovşaq Azərbaycanın milli maraqlarına ziddir.
Müxalif ictimaiyyət hesab edir ki, layihə Azərbaycan xalqınının maraqlarına ziddir. Tənqidçilər hökuməti satqınlıqda və əraziləri Ermənistanla sıx əməkdaşlıq edən və Azərbaycan ərazilərinin işğalına göz yuman İrana təhvil verməkdə ittiham edirlər.
Layihə ilə bağlı müxtəlif ideyalar irəli sürülür – ləğvdən sazişə əlavələrin qəbuluna və bu ərazi üzərində Azərbaycanın yurisdiksiyasını təsbit edən praktiki addımlara qədər.