Xədicə Eyvazova: “Hakimiyyət fürsətdən istifadə edib müxalifətçiləri zərərsizləşdirmək istəyir”

 

Azərbaycanda koronavirusla bağlı karantin rejiminin tətbiqi ilə əlaqədar indiyə qədər 15 müxalif mövqeli şəxs həbs olunub. Martın 22-dən bəri həbs olunan bu şəxslər ya karantin rejimini pozması, ya da digər səbəblərdən saxlanılaraq 15 gündən üç ayadək həbs edilib. Bir nəfər isə “müalicə almaq üçün” psixiatriya xəstəxanasına göndərilib. Bəzi beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin karantin rejimindən istifadə etməklə, hökumət tənqidçilərini susdurmağa çalışmasını tənqid edib.

İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsinin sədr müavini Xədicə Eyvazova hesab edir ki, hazırda müxalifət hansısa repressiyalara səbəb olacaq addımlar atmır.
“Müxalifətin daxilində nə xüsusi səfərbərlik, nə də xüsusi aktivlik görürük. Ancaq, görünür, hökumət nümayəndələrində bizdə olmayan məlumat var. Görünür, hansısa iqtisadi böhran gözlənilir. Və buna cavab olaraq, əhali sosial dirəniş göstərə bilər və ya sosial partlayış ola bilər. Müxalifətdə xalqın önünə çıxmağa kimlər varsa, o şəxsləri zərərsizləşdirməyə çalışırlar”.
X.Eyvazovanının fikrincə, hökumət fürsətdən istifadə edib müxalifətçiləri zərərsizləşdirmək istəyir:
“Əhalinin və ayrı-ayrı partiyaların üzvlərinin gözünü qorxutmaq lazımdır. Hətta bizim heç tanımadığımız, ancaq öz icmasında güman yerinə çevrilə biləcək adamlar da hədəfdirlər. Aktiv jurnalistlərin, AXCP-nin, Müsəlman Birliyi ADR hərəkatının üzvlərinin həbsi bunu göstərir”.
X.Eyvazovanın sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Novruz Bayramı ilə bağlı təbrik müraciətində müxalifətçilərə və mühacirətdə olanlara qarşı repressiyaları anons etmişdi:
“Hakimiyyət çalışır ki, karantindən sonrakı dövrdə hakimiyyətə qarşı hər hansı bir etiraz aksiyası olmasın. Çünki, ölkədə sosial vəziyyət çox pisdir. Və günü-gündən də sosial durum pisləşir. Neftin qiymətinin aşağı düşməsi də prosseslərə, sosial duruma təsir edir. Manatın taleyi necə olacaq bilinmir. Hakimiyyət də məhz bütün bunlara görə, çox narahatdır”.
X.Eyvazova beynəlxalq təşkilatları Azərbaycandakı karantin həbslərinə qarşı səssiz qalmamağa çağırıb:
“Açıq aydın görünür ki, hökümət koronavirus pandemiyasından əleyhdarlarına qarşı istifadə edir. AXCP, MBH, ADR üzvlərinin və ayrı ayrı aktiv şəxslərin həbs olunması təsadüf deyil. Ona görə, beynəlxalq təşkilatlar hakimiyyətin vəziyyətdən sui-istifadə etməsini diqqətdə saxlamalıdır”